— Bir çox insan düşünür ki, mediator sadəcə iki tərəf arasında “orta yol” tapan vasitəçidir. Sanki məqsəd yalnız razılaşma əldə etməkdir. Amma mediasiya bundan daha dərindir.
Mübahisələr çox vaxt görünən səbəblərdən yaranır: pul, əmlak, müqavilə, öhdəlik. Lakin münaqişənin kökü çox zaman görünməyən hissələrdə gizlənir — anlaşılmamaq, inciklik, etimadsızlıq, qorxu, hörmətin zədələnməsi…
Mediator məhz bu görünməyən tərəfləri işıqlandıran şəxsdir.
O, hökm vermir.
O, tərəf tutmur.
O, qərar qəbul etmir.
O, dinləyir.
O, sual verir.
O, insanların bir-birini yenidən eşitməsinə şərait yaradır.
Bəzən insanlar mübahisədə qalib gəlmək istəyirlər. Amma əsl ehtiyac qalib olmaq deyil — başa düşülməkdir. Mediator isə tərəflərə bunu xatırladır.
Mediasiya prosesində tərəflər yalnız hüquqi mövqelərini deyil, daxili ehtiyaclarını da ifadə etməyə başlayırlar. Və çox vaxt razılaşma məhz həmin nöqtədə yaranır — emosional düyün açıldıqda.
Mediator görünməyən körpülər qurur:
•sözlərlə yox, anlayışla,
•mövqe ilə yox, maraqla,
•mübahisə ilə yox, dialoqla.
Ona görə də mediyator sadəcə vasitəçi deyil.
O, münasibətlərin dərin qatlarını üzə çıxaran, insanları qarşı-qarşıya deyil, yan-yana gətirən bir bələdçidir.
Çünki həqiqi razılaşma sənəddə yox, anlayışda başlayır.
Gundelik.az

