Gundelik.az Elm və təhsil Ədəbiyyat Təmsilçiliyin banisi İvan Krılov
Ədəbiyyat

Təmsilçiliyin banisi İvan Krılov

Milli mədəniyyətlətlər arasındakı əlaqələrin getdikcə daha artması və genişlənməsi prosesi çoxmillətli xalqlar mədəniyyətinin əsas xüsusiyyətlərini təşkil edir.

Belə qarşılıqlı və geniş miqyaslı mədəni mübadilə nəticəsində milli mədəniyyətlərin hər birinin bu və ya digər mühüm nailiyyəti bütün xalqların həyatına qanunauyğun şəkildə daxil olur, onun mədəni yüksəlişinin üzvi hadisəsinə çevrilir. Böyük sənətkarlar həmişə digər xalqların ədəbiyyatına, mədəniyyətinə hörmətlə yanaşmışlar. M.Qorkinin demişdir: “Elə bir ölkə yoxdur ki, o, böyük söz ustası yetirməmiş olsun”.

   Rus ədəbiyyatında və ümümilikdə dünya ədəbiyyatında özünəməxsusluğu və təkrarsızlığı ilə dərin iz buraxan, qələmi ilə ədəbiyyata böyük töhfələr bəxş edən ədiblərdən biri də İvan Andreyeviç Krılovdur. Krılovun qayəsi sadə, düşündürücü, qısa, aydındır.  Krılovun bir çox mənalı, hakimanə cümlə və fıkirləri artıq atalar sözü kimi rus dilinə daxil olmuşdur.

    Böyük rus şairi, təmsilçi, jurnalist İ.Krılov 1768-ci il fevralın 13-də Moskva şəhərində anadan olmuşdur. On dörd yaşından yaradıcılığa başlamış və bir çox satirik əsərlər yazmış Krılova ədəbiyyat aləmində böyük şöhrət qazandıran gözəl təmsilləri olmuşdur.1782-ci ildə 14 yaşında əyalət mülkədarlarının adətlərini təsvir edən “Qəhvədan” adlı komik operasını yazmışdır.

  Krılova qədər təmsil yalnız uşaq şeri, yüngül və əyləncəli bir məşğələ hesab olunurdu. O, isə təmsili çox ciddi bədii bir əsər səviyyəsinə qaldırdı, ona hörmət qazandırdı və yaratdığı orijinal-klassik təmsilləri sayəsində məşhur bir şair oldu.

Rus xalqının ən böyük simaları- böyük şair A.S.Puşkin, məşhur tənqidçi Belinski, yazıçı Qoqol və başqaları Krılovun həqiqi bir xalq sənətkarı olduğunu qeyd etmişlər, hətta Qoqol onun təmsillərini “rus xalqının hikmət kitabı” adlandırmışdır. Xalq ədəbiyyatı ilə yaxından tanış olan, rus xalqının zəngin danışıq dilini dərindən bilən Krılov öz təmsillərini hər kəs üçün anlaşılan canlı bir dildə yazmışdır. O, rus xalqının atalar sözlərindən, məsəllərindən, nağıllarından istifadə edərək öz təmsillərini xalq ruhuna yaxınlaşdırmışdır. Krılovun təmsillərində iki xüsusiyyət vardır: tənqid və nəsihət. Onun təmsillərinin bir çoxu öz dövrünün ictimai nöqsanlarını, ayrı-ayrı hadisələri və tək-tək adamları tənqid edir. O, şeirlərindən birində deyirdi: “Yeri düşəndə nöqsanları qamçılamaqdan xoşum gəlir”. Nöqsanları qamçılamaq Krılovun təbiətində idi. Tülkü, Qurd, Aslan, Ayı və s. simasında oxucunun gözləri qarşısında müxtəlif insanlar, insan qrupları və insan sinifləri gəlib keçir. Çar məhkəmələrindəki ədalətsizlik (“Kəndli və Qoyun”), hakimlərin xalqın dərdindən xəbərsizliyi (“Balıqların rəqsi”), qüvvətlilərin azğınlığı (“Qurd və Quzu”, “Qurd və Duma”), varlıların nankorluğu (“Donuz palıd ağacı altında”, “Yarpaqlar və Köklər”) və s. həmin heyvanların simasında ifşa olunur.

İvan Andreyeviç Krılov 1844-cü ilin 24 noyabrında Peterburqda vəfat etmişdir.

   Böyük rus təmsilçisi İvan Andreyeviç Krılovu oxuyucuları Krılov baba çağırır. Onun təmsillərinin sənətkarlıqla əks etdirilmiş qəhrəmanlarına-hər bir uşağa tanış müxtəlif heyvanlara və quşlara böyük diqqətlə tamaşa edirlər. Hər kəs uşaqlıq çağlarından, məktəb partası arxasından, hələ dəqiq desək məktəbə getməzdən əvvəl Krılovun təmsilləri ilə tanış olur.

   Krılova qədər də təmsillər yazılıb. Krılov təmsillərini isə -öz sadə, tez qavranan, elə xəlqi yazmışdır ki, hər bir kəs təmsillərdəki gözəl rus ifadələrini asanlıqla yadda saxlayır, rus xarakterini daha da hiss edir. Bu təmsillərdə pis və yaxud yaxşı əhvalatlar elə yığcam, qüvvətli və elə aydınlıqla təsvir edilmişdir ki, kimlərin nəzərdə tutulduğunu aydın görürsən. O, öz təmsillərində gərgin zəhmətin, təvazökarlığın, çalışqanlığın, həyatda əsas olduğunu, ağlın, igidliyin nadanlq və qorxaqlığa qalib gəldiyini çox böyük mövqedə göstərmişdir.

Krılov heç kəsə xeyri olmayan faydasız zəhmətə də nəzər salır:

               Bəziləri bu sayaq,

              Öyünərək, -qırx ildir-deyir-Xidmətdəyəm mən,

              Ancaq bu daş tək ondan olmayıb fayda görən.

                                                                   (Daş və böcək)

Bütün nəciblikləri məhd edərək, bütün rəzillikləri qamçılayan Krılov, özünün qüvvətli şeirinin zərbəsilə qorxaqlıqları və satqınları belə səciyyələndirir:

                    O kəsdən ki, bərk qorxur

                    Həyatda qorxaq fağır,

                    Sanır hamı o kəsə

                    Onun gözüylə baxır.

                                   (Siçan və siçovul)

Krılovun təmsilləri onun öz sağlığında da geniş surətdə yayılmışdır. O, öz təmsillərində bizə bütöv bir heyvanlar silsiləsi verməklə insan xarakterini göstərmiş, onların nöqsanlarına gah qəzəblə, acı-acı, gah da yumşaq, xəfif-xəfif gülmüşdür.

  Krılov öz şeirlərində heyvanları elə sənətkarlıqla təsvir edilmişdir ki, onlar həmişə canlı təsiri bağışlayır. Görün it damında yaxalanmış qurd necə təsvir edilmişdir:

                Mənim Qurdum özünü küncə qısaraq

                Tüklərini qabardır diş qıcıyaraq,

                                Gözüylə sanki

                O hamını birdəncə yemək istəyir.

                                              (Qurd it damında)

Krılov ikicə misrada bütöv bir xarakter yaratmağı bacarırdı:

                 Güclü, qüvvətli bir Qarışqa varmış…

                  Hətta hörümçəklə tək bacarırmış.

                                                  (Qarışqa)

    Krılovun təmsilləri çox sadə dillə yazılmışdır. Onun obrazları bu günədək canlıdır və və məişətdə də geniş tanınmaqdadır.

    Böyük rus şairi İ.A.Krılov erkən yaşdan başladığı yaradıcılığında bir çox komediya və satirik əsərlər yazmışdır. Krılov satirik bir məktəb keçdiyindən təmsilə də satirik bir əsər növü kimi baxmışdı. O, özünəməxsus bir təmsil yaratmış, onu çox yüksək bədii və məfkurəvi bir yüklsəkliyə qaldırmışdı. Krılova qədər təmsil yalnız uşaq şeiri hesab olunurdu, yüngül və əyləncəli bir məşğələ kimi kimi etinasız buraxılırdı. Krılov isə təmsili çox ciddi bədii bir əsər səviyyəsinə qaldırdı, ona hörmət qazandırdı və özü də yaratdığı orijinal-klassik təmsilləri sayəsində məşhur bir şair oldu.

    Məşhur rus yazıçısı Qoqol və başqaları Krılovun həqiqi bir xalq sənətkarı olduğunu dəfələrlə qeyd edirlər. Qoqol Krılovun təmsillərini “rus xalqının hikmət kitabı” adlandırır. Doğrudan da Krılovun sadə, aydın, qısa təmsillərində o qədər dərin bir həyat təcrübəsi, ağıllı, hakimanə, fikirlər var ki, onlara valeh olmamaq mümkün deyildir. Xalq ədəbiyyatı ilə çox yaxşı tanış olan, rus xalqının zəngin danışıq dilini dərindən bilən Krılov öz təmsillərini hər kəs üçün anlaşılan canlı bir dildə yazmışdır. O, rus xalqının atalar sözlərindən məsəllərindən, nağıllarından istifadə edərək öz təmsillərini xalq ruhuna yaxınlaşdırmışdır. Bunun nəticəsində də Krılovun bir çox mənalı, hakimanə cümlə və fikirləri artıq atalar sözü kimi rus dilinə daxil olmuşdur.

    Krılovun təmsillərində iki xüsusiyyət vardır: tənqid və nəsihət. Onun təmsillərinin bir çoxu öz dövrünün ictimai nöqsanlarını, ayrı-ayrı hadisələri və tək-tək adamları tənqid edir. Krılovun təmsillərinin çox böyük məfkurəvi əhəmiyyəti vardır. Krılov öz dövrünün ən irəlidə gedən adamlarından idi. O, yoxsulluq içərisində böyümüş və öz istedadı sayəsində həyatda özünə bir mövqe qazanmağa müvəffəq olmuşdu. Yoxsulluq, məhrumiyyət və zəhmətin nə olduğunu yaxşı bilən Krılovda ta uşaqlıqdan varlı siniflərə qarşı bir nifrət yaranmışdı. Onun təmsillərdə gərgin əməyin, çalışqanlığın, düzlüyün, yaxşı əməllərin, mərdliyin həyatda ən vacib olduğu dönə-dönə aşılanır.

  Krılov rus xalqının vətənpərvər bir şairdir. O, rus xalqının qüdrətinə inanır və bu qüdrətə arxalanırdı. Öz vətəninin və xalqının tarixini, mədəniyyətini, ədəbiyyatını və dilini sevən Krılov vətən eşqi ilə çırpınırdı. Krılovun təmsilləri indiyə qədər öz bədii və tərbiyəvi dəyərlərini itirməmişdir və ititrməyəcəkdir. Bu təmsillər gözəl və şirin bil dildə, sadə və azadlığa dəvət edirlər. Bu ölməz təmsillərdən hər nəsil yeni bir məna və hikmət öyrənir, yeni dövrün ifadəsini orda axtarır və tapır. Krılovun təmsilləri həmşəcavandır və oxunaqlıdır.

    Rus xalqının ruhunu ifadə edən, rus xalqının hikmət kitabı olan təmsilləri ilə Krılov Azərbaycan xalqında da böyük bir məhəbbət oyatmışdır. Krılovun sadə və mənalı təmsilləri bir miqnatis kimi Azərbaycan yazıçılarının, müəllimlərinin diqqətini cəlb etmişdir. Ən böyük ədib və şairlərimiz Krılovun təmsillərini tərcümə etməyi, onları məktəblərimizə və xalqımıza çatdırmağı böyük və şərəfli bir iş hesab etmişlər.

    Krılovun təmsillərini Azərbaycan dilinə ilk dəfə tərcümə edən ədiblərimizdən Azərbaycanın maarifpərvər şairi A.Bakıxanov, H.Qaradağlı olmuşdur. XX əsrin sonlarından başlayaraq Krılovun təmsilləri Azərbaycanda dərs kitablarının zinəti olur. Dərs kitabı tərtibatı ilə məşğul olan müəllimlər və yazıçılarımız: R.Əfəndizadə, M.Mahmudbəyov, A.Şaiq və başqaları Krılovsuz ötüşməmişlər. Krılovun ən gözəl tərcüməsini M.Ə.Sabir və A.Səhhət vermişdir. Bu iki sənətkarın tərcüməsi böyük böyük rus şairini həmişəlik olaraq Azərbaycan oxucularına sevdirmişdir.

   Krılovun təmsillərini Azərbaycan dilinə tərcümə işində çox əmək sərf etmiş şairlərdən biri də qocaman ədib və müəllimimiz A.Şaiqdir.  A. Şaiqin Krılovdan etdiyi ilk tərcümələr onun “Uşaq gözlüyü” adlı əlifba kitabında və M.Mahmudbəyoyovun “İkinci il qiraət kitabında” dərc edilmişdir. Abdulla Şaiq Krılov təmsillərinin tərbiyəvi və təlimi əhəmiyyətini yaxşı başa düşdüyü üçün tərcümə edərkən əslində daha çox riayyət edir. O, təmsillərin yalnız məzmunu deyil, şairin üslub xüsusiyyətlərini, rus məişətinə aid təfərrüfatı, adları və s. mühafizə etməyə çalışır.

    Krılovun Azərbaycan ədəbiyyatındakı yeri çox şərəflidir. Onun təmsillərinin yeri bədii və tərbiyəvi rolu böyükdür. Krılov təmsillərinin ədəbi təsirinə gəlincə, onu demək olar ki, təmsil bir ədəbi növ olaraq ədəbiyyatımızda yeni olmasa da, Krılov onun həm bədii, həm də ictimai qiymətini olduqca qaldırdı, onu bir növ canlandırdı. Krılov təmsilə hörmət qazandırdı və bu hörmət üzündən Azərbaycan şairlərində də təmsilə böyük maraq oyandı. C.Məmmədquluzadə Krılovun təmsillərinin dərin ictimai mənası başa düşərək onun satirasından “Molla Nəsrəddin” jurnalında da istifadə etmişdi. Krılovun təmsillərinin əsas qayəsini qısa və aydın bir şəkildə ifadə etməkdədir. Onun təkrarsız misraları o qədər xalq tərəfindən qəbul edildi, sevilərək qəbul edildi ki, xalqın aforizminə çevrilməyi bacardı.

                              Olmasaydı cahanda sarsaqlar,

                              Ac qalardı yəqin ki, yaltaqlar.

AYNUR TURAN

Gundelik.az

Exit mobile version