Fransa Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri Jan Noel Barrot bildirib ki, ABŞ prezidenti Donald Tramp Alyaskada keçiriləcək görüşdə Rusiya Prezidenti Vladimir Putindən Ukraynada qeyd-şərtsiz atəşkəs tələb edəcək.
Gundelik.az xəbər verir ki, Barrot bu açıqlamanı “X” sosial şəbəkəsində Aİ liderləri və ABŞ prezidentinin iştirakı ilə keçirilən videokonfransdan sonra verib.
Onun sözlərinə görə, Tramp görüş zamanı atəşkəs məsələsini əsas tələblərindən biri kimi irəli sürəcəyinə əminlik ifadə edib.
Avqustun 13-də Berlində Avropa liderlərinin iştirakı ilə Ukrayna mövzusunda videokonfrans təşkil olunub. Ukrayna prezidenti Vladimir Zelenski onlayn müzakirələrə qatılmaq üçün şəxsən Almaniyaya gedib. Toplantıda Rusiya və ABŞ prezidentləri arasında baş tutacaq görüş ərəfəsində Qərbin mövqelərinin uzlaşdırılması müzakirə edilib.
Almaniyanın “Səbəb və Ədalət Alyansı”nın (SWJ) lideri Sahra Wagenknecht isə Qərb liderlərinin onlayn görüşünü tənqid edərək, CDU lideri Fridrix Merzi Ukrayna münaqişəsini uzatmağa çalışmaqda ittiham edib. Onun sözlərinə görə, bu görüş “kompromis axtarışından çox, müharibənin davam etdirilməsinə dair konfrans” xarakteri daşıyıb.
Bundan əvvəl Ağ Ev də Putinlə Tramp arasında keçiriləcək görüşün əsas mövzusunun Ukrayna məsələsi olacağını açıqlamışdı.
Gundelik.az

