ABŞ-da İranla bağlı davam edən zərbələrdən tutmuş immiqrasiya və iqtisadiyyata qədər bir çox mövzuda dərin bölünmə var.
Bu səbəbdən, çərşənbə günü dörd astronavtı Aya göndərəcək uğurlu Artemis proqramı Tramp administrasiyasına dəstək verə bilər. Potensial faydalar böyükdür — Çinlə rəqabətdə üstünlük, Ayda iqtisadi “qızıl hücum” ehtimalı və nadir milli birlik anı.
Rəsmi olaraq, NASA bildirir ki, bu missiya — insanları indiyə qədər olduğundan daha uzaq kosmosa aparacaq — daimi Ay bazasına və gələcəkdə Marsa gedən yolun bir addımıdır.
“Marsda ABŞ bayrağı”
ABŞ-ın Aya qayıtmaq marağı Tramp siyasətə gəlməzdən əvvəl mövcud olsa da, o, ilk prezidentliyi dövründə Artemis proqramının əsasını qoyaraq “amerikalı astronavtları Marsa göndərib ABŞ bayrağını orada sancmağı” vəd etmişdi. O, həmçinin hərbi imkanları görərək ABŞ Müdafiə Nazirliyinin yeni qolunu — United States Space Force yaratdı.
İkinci prezidentlik dövründə isə onun məqsədi Aya yönəlib. Keçən ilin dekabrında o, ABŞ-ın 2028-ci ilə qədər Aya qayıtması və 2030-a qədər orada daimi baza qurulması ilə bağlı sərəncam imzalayıb.
Kosmosda yeni rəqabət
NASA rəhbəri Jared Isaacman bildirib ki, ABŞ kosmosda real geosiyasi rəqiblə — Çinlə qarşı-qarşıyadır:
“Bu dəfə məqsəd sadəcə bayraq sancmaq deyil. Məqsəd orada qalmaqdır.”
Tarixi kontekst
Soyuq müharibə dövründə ABŞ ilə SSRİ arasında kosmik yarış əsasən geosiyasi idi.
1957-ci ildə Sputnik 1 peykinin buraxılması ABŞ üçün ciddi siqnal oldu.
Prezident John F. Kennedy isə Ay missiyasının siyasi əhəmiyyətini açıq şəkildə vurğulamışdı:
“Bu, siyasi səbəblərə görə vacibdir… istəsək də, istəməsək də bu bir yarışdır.”
Çinlə yeni Ay yarışı
Yeni kosmik yarış ABŞ ilə Çin arasında gedir. Çin də yaxın illərdə insanları Ay səthinə endirməyi planlaşdırır.
Bu yarışın iqtisadi tərəfi də böyükdür:
Ayda helium-3 (nüvə enerjisi üçün potensial yanacaq)
Su buzları (raket yanacağı üçün)
Litium, platin kimi nadir metallar
Keçmiş NASA rəhbəri Sean O’Keefe bildirib ki, Aya ilk çatan ölkələr bu resurslardan istifadə üstünlüyü əldə edəcək.
Mənbə: BBC
Hazırladı: Ziyalə Əhmədli
Gundelik.az
