Rəqs etmək əhval-ruhiyyəni yaxşılaşdırmaqla yanaşı, diqqəti, yaradıcılığı və beyin sağlamlığını gücləndirir. Üstəlik, bunun üçün saatlarla rəqs etməyə ehtiyac yoxdur.
Araşdırmalar göstərir ki, gün ərzində cəmi 5 dəqiqəlik rəqs fasiləsi belə diqqətin və məhsuldarlığın artmasına kömək edir. Xüsusilə uzun müddət oturan insanlar üçün qısa hərəkət fasilələri faydalıdır.
Rəqs beynə necə təsir edir?
Rəqs zamanı həm bədən, həm də beyin aktiv işləyir. Xoreoqrafiyanı öyrənərkən insan hərəkət ardıcıllığını yadda saxlayır və musiqinin ritminə uyğun hərəkət edir. Bu isə düşünmə və yaddaş qabiliyyətini dəstəkləyir.
Araşdırmalara görə, rəqs:
əhval-ruhiyyəni yaxşılaşdırır;
depressiya əlamətlərinin azalmasına kömək edir;
diqqət və məhsuldarlığı artırır;
yaradıcılığı stimullaşdırır;
koqnitiv sağlamlığı dəstəkləyir;
yaşlı insanlarda demensiya riskinin azalması ilə əlaqələndirilir.
5 dəqiqə belə kifayət edir
Məktəb uşaqları üzərində aparılan araşdırmalardan birində cəmi 5 dəqiqəlik sinxron qrup rəqsi uşaqların sonrakı riyaziyyat tapşırığına diqqətini artırıb. Üstəlik, uşaqlar bu fəaliyyəti bir çox digər aerobik məşqlərdən daha çox bəyəniblər.
Mütəxəssislər bildirirlər ki, belə qısa hərəkət fasilələri gün ərzində yığılan yorğunluğu azaltmağa və diqqəti yeniləməyə kömək edir.
Yaradıcılığı da artırır
Rəqs, xüsusilə improvizasiya, fərqli düşünmə qabiliyyətini gücləndirir. Başqa sözlə, insanın bir problemin həlli üçün yeni və fərqli ideyalar yaratmasına kömək edir.
Rəqs zamanı yaranan hərəkət və ritm beynin müxtəlif bölgələrini aktivləşdirərək bizi adi düşüncə qəliblərindən uzaqlaşdırır.
Fiziki faydaları da çoxdur
Rəqs bədəni gücləndirir, tarazlığı və koordinasiyanı yaxşılaşdırır, bədənə olan inamı artırır və xüsusilə yaşlı insanlarda yıxılma riskinin azalmasına kömək edir.
Parkinson xəstələri üçün də rəqsdən terapiya məqsədilə istifadə olunur. Kiçik bir araşdırmada 18 aylıq rəqs proqramının daha yaxşı tarazlıq və yaddaşla, həmçinin yaddaş və öyrənmədə mühüm rol oynayan hipokampusun həcminin artması ilə əlaqəli olduğu müəyyənləşdirilib.
Rəqsə necə başlamaq olar?
Mütəxəssislər ilk növbədə xoşladığınız musiqini seçməyi məsləhət görürlər. Mütləq peşəkar rəqqas olmağa və mükəmməl hərəkətlər etməyə ehtiyac yoxdur.
İş zamanı və ya evdə gündə bir neçə dəqiqə sevdiyiniz mahnının sədaları altında hərəkət etmək belə yaxşı başlanğıcdır.
Mənbə:BBC Türk
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
