Sentyabr 1, 2026
Baku
⁠Ailə, qadın və uşaq Xəbərlər

Hər istəyi yerinə yetirilən uşaq iş həyatında problem yaşayır

Valideynlər övladlarının hər şeyin ən yaxşısına sahib olmasını istəyirlər. Lakin uşaqlıqda hər istəyi dərhal yerinə yetirilən uşaqlar bu vərdişi böyüdükdən sonra da davam etdirmək istəyirlər.

Uşağın hər istəyini yerinə yetirmək onun səbir, məsuliyyət və əzm bacarıqlarının inkişafına mane olur. Heç bir səy göstərmədən istədiyinə çatan uşaqlar böyüdükdə də nəticələrin asanlıqla əldə olunmasını gözləyirlər.

Mütəxəssis bildirir ki, belə uşaqların gələcəkdə iş həyatında komanda işinə uyğunlaşmaqda, vəzifə və məsuliyyət götürməkdə, vaxtı idarə etməkdə və rəhbər–işçi münasibətlərində çətinlik yaşaması mümkündür.

Hər şeyə tez çatmaq dəyərini azaldır

Rəqəmsal dövr də insanlara istədiklərinə çox sürətlə çatmaq imkanı verir. Məlumat, əyləncə və sosiallaşma üçün əvvəlki kimi böyük səy göstərmək tələb olunmur. Bu isə xüsusilə uşaqlarda səbr və gözləmə bacarıqlarının zəifləməsinə səbəb olur.

Mütəxəssis uşağa istədiyi şeyi dərhal almaq əvəzinə onun gözləməsini, çalışmasını və məqsədinə çatmaq üçün səy göstərməsini tövsiyə edir. Bu yanaşma uşağın prioritetlərini müəyyənləşdirməsinə, səbirli olmasına və məqsədə çatmaq üçün strategiya qurmasına kömək edir.

Belə uşaqlar böyüdükdə necə olurlar?

Hər istəyi yerinə yetirilən uşaqlar daha mərkəzçi, tələbkar və səbirsiz olurlar. Onlar başqalarının hisslərini anlamaqda və empati qurmaqda çətinlik çəkirlər.

Bu xüsusiyyətlər şəxsi münasibətlərə də təsir göstərir. Uşaq vaxtı aldığı qeyd-şərtsiz təsdiqi böyüdükdə də həyat yoldaşından və dostlarından gözləyir. İstəyi dərhal yerinə yetirilmədikdə isə səbirsiz və aqressiv davranması mümkündür.

Valideynlər nə etməlidir?

Mütəxəssisə görə, uşağın hər istəyinə “hə” demək yalnız qısamüddətli rahatlıq yaradır. Valideynlər uşağın yaşını və inkişaf mərhələsini nəzərə almalı, hər tələbi dərhal yerinə yetirməməlidirlər.

Uşağa istədiyi şey üçün gözləməyi, çalışıb səy göstərməyi, vaxt və pulunu düzgün idarə etməyi öyrətmək vacibdir. Eyni zamanda qoyulan sərhədlərdə valideynlərin ardıcıl və tutarlı olması lazımdır.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az