Gecə saat 02:00-03:00 radələrində oyanmaq düşündüyünüz qədər qeyri-adi deyil. Yuxu mütəxəssislərinə görə, sağlam insanlar gecə ərzində bir neçə dəfə qısa müddətə oyanırlar və əksər hallarda bunu xatırlamırlar.
Yuxu təxminən 90 dəqiqəlik dövrlərdən ibarətdir. Gecənin ilk yarısında dərin yuxu üstünlük təşkil edir, səhərə yaxın isə yuxu yüngülləşir. Buna görə səs, işıq, temperatur və digər kiçik narahatlıqlar insanın oyanmasına səbəb olur.
Stress və narahatlıq yuxunu pozur
Əsas problem insanın oyandıqdan sonra yenidən yata bilməməsi ilə başlayır. Saatı görmək və “indi necə yatacağam?” kimi düşüncələr narahatlığı artıraraq beynin daha da aktivləşməsinə səbəb olur.
Gecənin ikinci yarısında orqanizm oyanmağa hazırlaşdığı üçün kortizol səviyyəsi də tədricən yüksəlir. Stress və narahatlıq bu prosesi gücləndirərək yuxuya qayıtmağı çətinləşdirir.
Digər səbəblər
Yuxu apnesi, narahat ayaq sindromu və qalxanabənzər vəzlə bağlı problemlər də gecə oyanmalarına səbəb olur.
Həmçinin gec saatlarda ağır yeməklər, çoxlu şəkər və kofein qəbul etmək yuxunu pozur. Alkoqol isə əvvəlcə yuxuya getməyi asanlaşdırsa da, bir neçə saat sonra yuxunun bölünməsinə səbəb olur.
Qadınlarda gecə oyanmaları daha çox olur
Araşdırmalar qadınların gecə ərzində kişilərdən daha tez-tez oyandığını göstərir. İş, uşaqlara qulluq və ev məsuliyyətləri ilə bağlı stress qadınların yuxusuna təsir edir.
Yenidən yuxuya getmək üçün nə etməli?
Mütəxəssislər yuxunu yaxşılaşdırmaq üçün:
hər gün eyni saatda oyanmağı;
səhər gün işığına çıxmağı;
gün ərzində hərəkətli olmağı;
yalnız yuxunuz gələndə yatağa girməyi;
gecə oyandıqda saata və telefona baxmamağı tövsiyə edir.
Təxminən 20 dəqiqə ərzində yata bilmirsinizsə, başqa otağa keçib zəif işıqda sakit bir fəaliyyətlə məşğul olmaq və yuxunuz gəldikdə yatağa qayıtmaq faydalıdır.
Gecə oyanmaları tez-tez təkrarlanır, uzun müddət davam edir və gündəlik həyatınıza təsir göstərirsə, həkimə müraciət etmək məsləhətdir.
Ən vacibi isə yuxunun hər gecə “mükəmməl” olmalı olduğu düşüncəsindən uzaqlaşmaqdır. Gecə qısa müddətə oyanmaq normal yuxu prosesinin bir hissəsidir.
Mənbə:BBC Türk
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
