Azərbaycan və Mərkəzi Asiya Avrasiyanın artım mərkəzləridir.
Gundelik.az-ın məlumata görə, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev oktyabrın 8-də “Avaza”da keçirilən Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin dövlət başçılarının 8-ci Məşvərət görüşü zamanı deyib.
“Ayrıca olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Məşvərət görüşünün tamhüquqlu iştirakçısı kimi salamlamaq istərdim. Bugünkü iclasın simvolik əhəmiyyətini də vurğulamaq vacibdir, çünki bu il ölkələrimizin müstəqilliyinin 35 illiyi qeyd olunur. Bu illər ərzində uzun, mürəkkəb, həqiqətən də keşməkeşli, eyni zamanda məhsuldar yol qət etmişik və bu yol bütöv bir dövrü əhatə edir. Biz suverenliyimizi möhkəmləndirdik, öz inkişaf modellərimizi formalaşdırdıq və beynəlxalq ictimaiyyətdə layiqli yer tutduq”, – deyə o bildirib.
Tokayev vurğulayıb ki, Mərkəzi Asiya və Azərbaycan bu gün haqlı olaraq Avrasiyada artım və geosiyasi qarşılıqlı fəaliyyət mərkəzləri hesab olunur.
“Amma ən başlıcası odur ki, qardaş xalqlarımızın müdrikliyi və birliyi sayəsində sülh və həmrəylik şəraitində yaşayırıq. Birlik, qarşılıqlı dəstək və etimad dövrün çağırışlarına birlikdə cavab verməyə imkan verən ümumi strateji dayağımıza çevrilib. Geosiyasi gərginliyin artdığı, beynəlxalq münasibətlər sisteminin transformasiya etdiyi və ayırıcı xətlərin dərinləşdiyi şəraitdə bu tendensiya xüsusi aktuallıq kəsb edir. Buna görə də regionumuzun bundan sonra da sülh, sabitlik və dayanıqlı inkişaf məkanı olaraq qalması üçün mümkün olan hər şeyi etmək vacibdir. Burada Türkmənistanın Məşvərət görüşünə uğurlu sədrliyini qeyd etmək istərdim. Qazaxıstan türkmən dostlarımızın gördüyü məzmunlu işi yüksək qiymətləndirir”, – deyə o qeyd edib.
