48 saatdan az müddətdə Avstraliyanın Yeni Cənubi Uels (NSW) sahillərində dördüncü köpəkbalığı hücumu qeydə alınıb.
39 yaşlı bir sörfçü çərşənbə axşamı səhər Crescent Head yaxınlığında köpəkbalığının sörf lövhəsini dişləməsi nəticəsində yüngül xəsarətlər alıb. Məlumatlara görə, o hazırda xəstəxanadadır və vəziyyəti stabildir.
Bu hadisə son iki gün ərzində Sidneydə baş verən daha üç hücumdan sonra qeydə alınıb. Polis bildirib ki, Sidneynin şimal bölgəsindəki bütün çimərliklər növbəti xəbərdarlığa qədər bağlı qalacaq.
Hücumlar son günlərdə yağan güclü yağışlardan sonra baş verib. NSW polis rəsmisi Cozef MakNulti daha əvvəl bildirib ki, bu yağışlar köpəkbalığı hücumları üçün “mükəmməl fırtına şəraiti” yaradıb. Yağışlar qida maddələrini dənizə axıdır və bu da köpəkbalıqlarını sahilə yaxınlaşdıra bilər.
Çərşənbə axşamı baş verən hücum Sidneyin təxminən 450 km şimalında yerləşən Point Plomer düşərgəsi yaxınlığında olub.
Surf Life Saving NSW təşkilatının icraçı direktoru Stiv Pirs ABC-yə bildirib ki, sörfçü “çox şanslıdır ki, ciddi xəsarətlər almayıb”.
“Biz qəti şəkildə tövsiyə edirik ki, heç kim çay mənsəblərinin yaxınlığında üzməsin və ya sörf etməsin, çünki köpəkbalıqları adətən bu ərazilərdə toplaşır,” – deyə Pirs bildirib.
“Əgər su bulanıqdırsa, dənizə girməzdən əvvəl iki dəfə düşünmək lazımdır.”
Bazar ertəsi günü Sidneydəki Dee Why çimərliyində gənc bir sörfçü oxşar şəkildə xilas olub, lakin bir neçə saat sonra Manly yaxınlığında baş verən hücumda 27 yaşlı bir şəxs “həyatını dəyişdirən” ağır xəsarətlər alıb. Bazar günü isə Sidney Limanında məşhur bir çimərlikdə 12 yaşlı bir oğlan ağır yaralanıb.
Rəsmilər hücumların bir neçəsində öküz köpəkbalıqlarının (bull shark) iştirak etdiyini düşünürlər.
Həm şirin, həm də duzlu suda yaşaya bilən öküz köpəkbalıqları Avstraliya Muzeyinin məlumatına görə “insanlar üçün potensial təhlükəli olan az sayda köpəkbalığı növlərindən biridir”. Beynəlxalq Köpəkbalığı Hücumları Məlumat Bazasına görə, onlar ən ölümcül üçüncü köpəkbalığı növüdür.
Keçən ilin noyabr ayında Yeni Cənubi Uelsin ucqar bir çimərliyində öküz köpəkbalığının hücumu nəticəsində bir qadın həlak olmuş, bir kişi isə ağır yaralanmışdı.
Avstraliya dünyada köpəkbalığı hücumlarının ən çox qeydə alındığı ölkələrdən biri olsa da, hücuma məruz qalma ehtimalı yenə də çox aşağıdır.
Polis bazar ertəsi günü ictimaiyyətə son hava şəraiti səbəbindən NSW-də su hövzələrindən uzaq durmağı tövsiyə edib. Güclü yağışlar suyun keyfiyyətini və görünürlüğünü azaldıb.
“Hazırda limanda və NSW boyunca digər çay sistemlərində üzməyi tövsiyə etmirəm,” – deyə polis rəsmisi Cozef MakNulti jurnalistlərə bildirib.
Mənbə:BBC
Hazırladı: Ziyalə Əhmədli
Gundelik.az
