Gundelik.az Dünya Almaniya müharibəyə hazırlaşır: “Ehtiyat toplayın!”
Dünya Siyasət Xəbərlər

Almaniya müharibəyə hazırlaşır: “Ehtiyat toplayın!”

Almaniya Rusiya təhdidinə qarşı hazırlıqlarını davam etdirir. Rəsmi Berlin mümkün böhran və qarşıdurma zamanı istehsalın və tədarük zəncirinin davamlılığının təmin edilməsinin vacibliyi barədə xəbərdarlıq edib.

Gundelik.az-ın məlumatına görə, Bundesverin Əməliyyatlar komandanı, general-leytenant Aleksandr Sollfrank “Reuters” agentliyinə açıqlamasında bildirib ki, ölkənin müdafiəsi yalnız hərbi güclə məhdudlaşmamalıdır.

“Əsl çəkindirmənin əsası, çətinliklərin öhdəsindən gəlməyi bacaran dayanıqlı bir cəmiyyətdir”, – deyə o qeyd edib.

Sollfrankin sözlərinə görə, Almaniya ordusu bu istiqamətdə biznes sektoru ilə sıx əməkdaşlıq edir: “Bu əməkdaşlıq ölkənin böhran dövründə fəaliyyətini davam etdirə bilməsi üçün həyati əhəmiyyət daşıyır. Dayanıqlığın artırılması təkcə orduda deyil, cəmiyyətin bütün təbəqələrində vacibdir”.

General-leytenant şirkətləri mümkün böhran zamanı fəaliyyətlərini davam etdirə bilmək üçün əvvəlcədən planlaşdırma aparmağa çağırıb: “Çörək zavodları, istənilən şəraitdə istehsalı davam etdirməyə hazır olmalıdır. Müəssisələr tədarük zəncirlərində yaranacaq fasilələrə qarşı ehtiyat toplamalıdırlar”.

O həmçinin kibertəhlükəsizlik məsələsinə toxunaraq bildirib ki, hər bir qurum öz zəif tərəflərini müəyyənləşdirib, onların qarşısını almaq üçün tədbirlər görməlidir.

Sollfrank vurğulayıb ki, Almaniyanın təhlükəsizlik problemləri yalnız Rusiya ilə məhdudlaşmır: “Fərqli aktorlar da ölkəmizə zərər vurmaq potensialına malikdir. Dayanıqlıq əldə etmək təkcə müdafiə imkanlarını deyil, düşüncə tərzini də dəyişməyi tələb edir”.

General, Ukraynanın müharibə şəraitində və pandemiya dövründə məktəblərini və mağazalarını açıq saxlamaq qabiliyyətini misal gətirərək əlavə edib: “Bir ölkənin dayanıqlılığı yalnız hərbi qüdrəti ilə deyil, həm də cəmiyyətinin əsas funksiyalarını qoruyub saxlamaq bacarığı ilə ölçülür”.

Gundelik.az

Exit mobile version