Amerika Birləşmiş Ştatlarının (ABŞ) ən böyük bankları hesab edilən “JPMorgan” və “Bank of America” 2021-ci ilin yanvarında ABŞ Prezidenti Donald Trampın tərəfdarları tərəfindən Kapitoliyə hücumu ilə əlaqədar maliyyə əməliyyatlarını bloklayıb.
Gundelik.az xəbər verir ki, bu barədə “New York Post” mənbələrə istinadən yazıb.
Məqalədə aydınlıq gətirilir ki, “JPMorgan” respublikaçının on milyonlarla dolları olan hesablara girişini bloklayıb. “Bank of America” da siyasətçiyə xidmət göstərməkdən imtina edib.
Jurnalistlər qeyd edirlər ki, təşkilatlar Ağ Evin keçmiş rəhbəri Co Bayden administrasiyası və ABŞ Federal Ehtiyat Sisteminin (FRS) təzyiqi ilə belə addımlar atıblar. Mənbələrin bildirdiyinə görə, banklar Trampın pullarının saxlanmasının “reputasiya riski” daşıyan fiziki şəxslər və şirkətlərlə iş görməyi qadağan edən qaydanın pozulması kimi qiymətləndirilə biləcəyi barədə xəbərdarlıq alıb.
Xatırladaq ki, 2021-ci il yanvarın 6-da Tramp tərəfdarları Vaşinqtondakı Kapitolinin binasına soxularaq Co Baydenin 2020-ci il prezident seçkilərində qələbəsini təsdiqləməli olan görüşü dayandırmışdılar. Hadisədən sonra hakimiyyət hadisələrin yüzlərlə iştirakçısına qarşı ittiham irəli sürüb.
Gundelik.az

