Türkiyənin Ümraniyə rayonunda Kars 36 Spor klubunun futbolçusu Kubilay Kaan Kundakçının öldürülməsi ilə bağlı məhkəmə işində prokuror mütaliəsini açıqlayıb. Prokuror Alaattin Kadayıfçıoğlunun “qəsdən adam öldürmə” maddəsi ilə ömürlük azadlıqdan məhrum edilməsini, həmçinin 6136 saylı qanunun pozulmasına görə 2 ildən 4 ilədək həbs və məhkəmə cəriməsi ilə cəzalandırılmasını tələb edib.
Gundelik.az bu barədə “Haberler”ə istinadən xəbər verir.
Aleyna Kalaycıoğlu ilə bağlı isə prokurorluq “cinayəti xəbər verməmək” ittihamı üzrə 1 ilədək həbs cəzası istəyib və onun həbsdə keçirdiyi müddət nəzərə alınaraq azadlığa buraxılmasını tələb edib. Zuhal Kalaycıoğlu, Bilal Kadayıfçıoğlu və İzzet Yıldızhanın isə ittiham olunduqları əməllər üzrə bəraət alması istənilib.
Hadisə martın 19-da gecə saatlarında Ümraniyədəki Sıddık küçəsində baş verib. İddiaya görə, “Canbay & Wolker” qrupunun üzvü, repçi Vahap Canbay bir müddət əvvəl ayrıldığı müğənni Aleyna Kalaycıoğlu ilə yenidən barışmaq istəyib. Bunun üçün yaxın münasibətdə olduğu dostu Kubilay Kaan Kundakçıdan kömək istəyib.
Kundakçı Vahap Canbay və digər şəxslərlə birlikdə Kalaycıoğlunun olduğu studiyanın qarşısına gedib. Qrup avtomobildə gözləyərkən hadisə yerinə işıqları yanıb-sönən xüsusi siqnallı lüks avtomobillərlə gələn şəxslərin hücum etdiyi iddia olunur. İttihama əsasən, Alaattin Kadayıfçıoğlu avtomobildə olan şəxslərə atəş açıb və nəticədə Kubilay Kaan Kundakçı ağır yaralanıb. Xəstəxanaya çatdırılan 21 yaşlı futbolçu həkimlərin bütün səylərinə baxmayaraq həyatını itirib.
Hadisədən sonra aralarında Aleyna Kalaycıoğlu, Alaattin Kadayıfçıoğlu və İzzet Yıldızhanın da olduğu 7 nəfər həbs edilib. İstanbul Anadolu Baş Prokurorluğunun apardığı istintaqın ardından 10 nəfər barəsində cinayət işi başlanıb.
Anadolu 27-ci Ağır Cinayətlər Məhkəməsində davam edən iş üzrə prokuror üçüncü iclasdan bir gün əvvəl mütaliəsini təqdim edib. Mütaliədə Alaattin Kadayıfçıoğlunun “qəsdən adam öldürmə” cinayətinə görə ömürlük həbs cəzasına məhkum edilməsi və həbsdə saxlanılmasının davam etdirilməsi tələb olunub.
Aleyna Tutuş barəsində isə “cinayəti xəbər verməmək” ittihamı ilə 1 ilədək həbs cəzası istənilib. Bununla yanaşı, onun həbsdə keçirdiyi müddət nəzərə alınaraq azadlığa buraxılması tələb edilib. Digər təqsirləndirilən şəxslər Hüseyn Can Avcı, Mustafa Rece, Metin Kadayıfçıoğlu və Engin Taşkıranın da həbsdə qaldıqları müddət nəzərə alınmaqla, məhkəmə qərarı ilə yanaşı məhkəmə nəzarəti şərti ilə azadlığa buraxılmaları istənilib.
Prokuror Zuhal Kalaycıoğlu, Bilal Kadayıfçıoğlu və İzzet Yıldızhanın isə onlara qarşı irəli sürülən ittihamlar üzrə ayrı-ayrılıqda bəraət almasını tələb edib.
Nurəddin Abdullayev
Gundelik.az
