Təhsil, əmək bazarı və insan kapitalı: Azərbaycanın yeni inkişaf mərhələsinin əsas istiqamətləri
Müasir dövrdə ölkələrin sosial-iqtisadi inkişafını şərtləndirən əsas amillərdən biri insan kapitalının düzgün formalaşdırılması və əmək bazarının tələblərinə uyğun kadr hazırlığının təmin edilməsidir. Rəqəmsal transformasiya, süni intellekt və yeni iqtisadiyyatın formalaşması təhsil sisteminin qarşısında yeni vəzifələr qoyur. Bu baxımdan təhsil, iqtisadiyyat və əmək bazarı arasında əlaqələrin gücləndirilməsi artıq yalnız təhsil siyasətinin deyil, həm də iqtisadi inkişaf strategiyasının mühüm istiqamətlərindən birinə çevrilib.
Azərbaycanın qarşısında duran əsas məsələlərdən biri də əmək bazarının real ehtiyaclarının nəzərə alınması, yeni ixtisasların yaradılması, məzunların məşğulluğunun təmin edilməsi və gənclərin müasir peşələrə istiqamətləndirilməsidir.
Milli Məclisin VII çağırış deputatı, ictimai-siyasi xadim Azər Allahverənov Gundelik.az-a müsahibəsində təhsil, əmək bazarı və iqtisadi inkişaf arasındakı əlaqələrdən, yeni ixtisaslara artan tələbatdan, gənclərin məşğulluğu məsələlərindən və Qarabağ və Şərqi Zəngəzurda insan kapitalının formalaşdırılmasının əhəmiyyətindən danışıb.
– Azər müəllim, müasir dövrdə təhsil, iqtisadiyyat və əmək bazarı arasında əlaqələrin gücləndirilməsi nə dərəcədə vacibdir?
– Ümumiyyətlə, təhsil, iqtisadiyyat və əmək bazarı arasında əlaqələrin gücləndirilməsi müasir dövrün tələbidir. Dünyada gedən əsas tendensiyalardan biri təhsil, iqtisadiyyat və əmək bazarı arasındakı əlaqələrin koordinasiya olunmuş şəkildə həyata keçirilməsidir. Bu isə kifayət qədər konseptual yanaşmanın sərgilənməsini zəruri edir.
İnkişaf etmiş dövlətlərin təcrübəsinə nəzər yetirdikdə görürük ki, burada fundamental yanaşma mövcuddur. Təhsil siyasətinin vacib bir zənciri formalaşıb. Buna müəyyən mənada “təhsil zənciri” də deyə bilərik. Burada təhsil, bacarıq, məşğulluq, faydalı təhsil əmsalı, məhsuldarlıq və nəticə etibarilə iqtisadi inkişaf kimi mərhələlər bir-biri ilə əlaqələndirilir.
Bu zəncir bütün mərhələlərdə təhsil siyasətinin əsas fəaliyyət alqoritmi kimi özünü göstərməlidir.
– Azərbaycanda bu istiqamətdə hansı mexanizmlərin tətbiq olunmasına ehtiyac var?
– Azərbaycanda təhsil, iqtisadiyyat və əmək bazarı arasında əlaqələrin gücləndirilməsi müxtəlif müstəvilərdə reallaşa bilər. Qanunvericilikdə də bu məsələ müəyyən mənada təsbit olunub. Lakin dövrün tələblərinə uyğun olaraq müxtəlif komponentlər və tərkib elementləri zaman-zaman daha da təkmilləşdirilməlidir.
Məsələn, “Təhsil haqqında” qanunda əmək bazarının tələblərinin təhsil proqramlarının formalaşdırılmasında nəzərə alınması hüquqi norma kimi təsbit olunub. Peşələr üzrə orta və uzunmüddətli kadr tələbatının proqnozlaşdırılması, ixtisaslar üzrə qəbul planlarının müəyyənləşdirilməsi, əmək bazarının real ehtiyacları əsasında yeni ixtisasların açılması, tələbi azalan ixtisaslar üzrə qəbulun mərhələli şəkildə optimallaşdırılması kimi məsələlər burada öz əksini tapır.
Eyni zamanda, təhsil siyasətinə cavabdeh şəxslərin açıqlamalarında da əmək bazarı və peşə təhsili kimi istiqamətlərin vahid siyasət çərçivəsində həyata keçirilməsinin vacibliyi vurğulanır.
– Rəqəmsal transformasiya və süni intellekt əmək bazarına və ixtisas seçiminə necə təsir göstərir?
– Biz rəqəmsal transformasiya dövründə yaşayırıq və bu proses kifayət qədər sürətlə gedir. Süni intellekt və müasir informasiya texnologiyaları yeni iqtisadiyyatın ayrı-ayrı seqmentlərinin formalaşmasına, dəyər zəncirlərinin yeni sahələrlə zənginləşməsinə ciddi təsir göstərir.
Bunun nəticəsini ali təhsil müəssisələrində açılan yeni ixtisaslarda da görürük. 10, 15, hətta 20 il bundan əvvəl təsəvvürə gətirilməsi çətin olan ixtisaslar bu gün ön plana çıxır.
Mənim bu yaxınlarda sıx təmasda olduğum gənclər arasında sənaye mühəndisliyi, kompüter mühəndisliyi, İT və yüksək texnologiyalar sahəsinə marağın artdığını müşahidə etdim. Əgər əvvəlki dövrlərdə humanitar elmlərə daha çox meyl edilirdisə, artıq vəziyyət dəyişir. Texniki elmlərə marağın gücləndiyini görürük. Bu da kadr hazırlığında yeni trendlərin mütləq nəzərə alınmasını zəruri edir.
– Bəs əmək bazarında məzunların işlə təmin olunması ilə bağlı hansı problemlər mövcuddur?
– Burada sistemli yanaşmanın olması çox vacibdir. Əgər təhsil, bacarıq, məşğulluq, məhsuldarlıq və iqtisadi artım elementlərini bir zəncir kimi qəbul ediriksə, təhsil müəssisələri yalnız müəyyən ixtisas üzrə kadr hazırlamaqla kifayətlənməməlidir. Onlar eyni zamanda məşğulluq siyasətinə də müəyyən mənada təsir göstərirlər. Bu istiqamətlər arasında qarşılıqlı əlaqə olmalıdır.
Digər tərəfdən, müxtəlif ixtisaslar üzrə təhsili başa vuran məzunların sayında kəskin artım əmək bazarında müəyyən gərginliyə səbəb ola bilər. Rəqabət artır, vakant yerlərə çox sayda insan müraciət edir və nəticədə onların böyük bir hissəsinin işsiz qalması riski yaranır. Ona görə də burada əsas məsələ balansın qorunmasıdır.
– Yeni məzunların işə qəbulunda müəyyən güzəştlərin tətbiqi mümkündürmü?
– Bu məsələyə xüsusi yanaşmanın tətbiq olunmasına ciddi ehtiyac var. Məsələn, bu gün təhsilini yenicə başa vurmuş şəxs hansısa işə müraciət edir və ondan konkret ixtisas üzrə üçillik əmək stajı tələb olunur. Universiteti yeni bitirmiş insanın həmin üçillik stajı haradan olmalıdır?
Bu tələb onun rəqabət imkanlarını məhdudlaşdırır. Ona görə də təhsilini yenicə başa vurmuş şəxslərlə bağlı xüsusi və imtiyazlı qəbul mexanizmlərinin tətbiqi onların məşğulluq problemlərinin aradan qaldırılmasına kömək edə bilər.
– Universitetlərin məzunların məşğulluğundakı rolu necə olmalıdır?
– Universitetlərdə məzunların işlə təmin olunması, ixtisası üzrə çalışması, əməkhaqqı səviyyəsi və digər komponentlər mütləq nəzərə alınmalıdır.
Universitetlər əmək bazarı və məşğulluq strategiyası ilə vəhdət yaratmaqda maraqlı olmalıdırlar. Sadəcə diplom vermək və təhsillə təmin etmək kifayət deyil. Universitetlər məzunları bu prosesin fəal iştirakçılarına çevirməlidirlər.
Əgər hədəf olaraq iqtisadi artımı nəzərdə tuturqsa, bunun üçün təhsil bazarından iqtisadi artım zəncirinin növbəti mərhələlərinə keçidi təmin edən koordinasiya mexanizmi olmalıdır. Bu isə ayrı-ayrı dövlət qurumlarının prosesdə fəal iştirakı vasitəsilə mümkün ola bilər.
– Qarabağ və Şərqi Zəngəzurda insan kapitalının formalaşdırılması məsələsini necə qiymətləndirirsiniz?
– İnsan kapitalı ilə bağlı ayrıca siyasətin formalaşdırılması Qarabağ və Şərqi Zəngəzur üçün bu günün tələblərindən biridir. Çünki burada söhbət yalnız insanların doğma torpaqlarına qayıtmasından getmir. Yeni iqtisadi və sosial məkanın qurulması insanların əsas inkişaf resursuna çevrilməsi vasitəsilə mümkün ola bilər. Böyük Qayıdışı təmin etməklə yanaşı, onun effektivliyinə xidmət edən əlverişli mühiti məşğulluq məsələləri üzərindən də formalaşdırmalıyıq. Nəticədə Böyük Qayıdışın özü məşğulluq strategiyası ilə uzlaşdırılmaqla ciddi iqtisadi artım imkanları yarada bilər. Bu istiqamətdə həyata keçirilən siyasətdə həmin məsələlərin nəzərə alındığını görürük. Bir neçə dövlət qurumu prosesdə fəal iştirak edir. Böyük Qayıdış çərçivəsində insan kapitalının inkişafı, məşğulluq, təhsil və sosial xidmətlər ayrıca istiqamətlər kimi müəyyənləşdirilib.
– Azər müəllim, Qarabağ Universitetinin bu prosesdə rolunu necə görürsünüz?
– Qarabağ Universitetinin fəaliyyəti, yeni peşə təhsili müəssisələrinin yaradılması və azad edilmiş ərazilərdə məskunlaşan şəxslər üçün peşə təhsilinin maliyyələşdirilməsi burada bütövlüyün formalaşmasına xidmət edir.
Qarabağ Universiteti həmin bölgənin iqtisadi inkişafına hesablanmış kadr potensialının formalaşdırılması istiqamətində mühüm töhfə verə bilər. Burada bir neçə istiqamət var. İlk növbədə yeni iqtisadiyyatın kadr bazasının formalaşdırılması vacibdir və bunu Qarabağ Universitetində xüsusilə görürük. Eyni zamanda, Qarabağ və Şərqi Zəngəzurda böyük infrastruktur layihələri həyata keçirilir. Kənd təsərrüfatının inkişafı, turizm, logistika, sənaye müəssisələrinin yaradılması, rəqəmsal texnologiyaların tətbiqi, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının reallaşdırılması, bərpa olunan enerji sahəsində görülən işlər yeni kadr tələbatı yaradır.
Bütün bunlar mühəndislərin, İT mütəxəssislərinin və digər yüksək ixtisaslı kadrların cəlb olunmasını tələb edir.
– Aqrar sahədə kadr hazırlığı ilə bağlı hansı ehtiyaclar var?
– Aqrar sahəyə diqqət yetirsək, burada yüksək ixtisaslı aqronomlara ciddi ehtiyac olduğunu görürük. Təhsil sistemi həmin sahədə çalışacaq mütəxəssislərin hazırlanmasına yönəlmiş nəticələr ortaya qoymalıdır.
Qarabağ Universitetinin bu istiqamətdə müəyyən fəaliyyət spektri var. Digər təhsil müəssisələrində də yüksək ixtisaslı kadrların yetişdirilməsi istiqamətində təhsil prosesi həyata keçirilir. Bölgədə gedən inkişaf proseslərində bu məsələ xüsusi nəzərə alınmalıdır. Davamlı iqtisadi həyatın yaradılması məhz belə yanaşmaların tətbiqi ilə mümkün olacaq.
– Peşə təhsilinin Qarabağın inkişafında rolu nədən ibarət olacaq?
– Peşə təhsili burada çox vacib imkanlar yarada bilər. Azərbaycanda uzun müddət peşə təhsili bir qədər kölgədə qalmışdı və gənclər daha çox ali təhsilə üstünlük verirdilər. Lakin yeni dövrün tələbləri göstərir ki, peşə sahibi olmaq daha dayanıqlı iqtisadi əsasın formalaşmasına səbəb ola bilər.
Bu gün ali təhsilli, diplomu olan şəxslərin əmək bazarında işlə təmin olunmasında ciddi problemlər yaşandığı halda, peşə təhsili məzunları konkret peşəyə malik olduqları üçün müxtəlif sahələrdə daha rahat iş tapa bilirlər. Hazırda Qarabağda, səhv etmirəmsə, səkkiz peşə təhsili müəssisəsinin yaradılması nəzərdə tutulur. Artıq yaradılan müəssisələr də var. Nəticə etibarilə ali təhsil və peşə təhsili müxtəlif sahələr üzrə kadr hazırlığını tamamlayaraq məşğulluq strategiyasının effektivliyini artıra bilər. Bu isə əmək bazarındakı vakant yerlərin mütəxəssislərlə təmin olunmasına və onların fəal iştirakı nəticəsində iqtisadi artıma gətirib çıxara bilər.
– Qarabağda insan kapitalının inkişafı baxımından hansı sosial qrupların prosesə cəlb olunması vacibdir?
– Xüsusilə gənc nəslin prosesə cəlb olunması və qadın sahibkarlığının inkişaf etdirilməsi olduqca vacibdir. İnsan kapitalının inkişafı üçün bu istiqamətlərdə mühüm işlərin həyata keçirildiyini görürük. Bir neçə dövlət qurumu proseslə əlaqəli şəkildə öz fəaliyyətini həyata keçirir. Eyni zamanda startap layihələri və müxtəlif innovasiya ekosistemlərinin yaradılması da diqqət çəkir. Startap layihələri ilə bağlı kraudfandinq mexanizmlərinin tətbiqi xarici maliyyə resurslarının cəlb olunmasına və innovasiya ekosistemində yeni layihələrin reallaşdırılmasına imkan yarada bilər.
– Qarabağın bərpasının növbəti mərhələsində insan kapitalı hansı rolu oynayacaq?
– Qarabağın bərpasının birinci mərhələsində əsas resurs maliyyə və infrastruktur olduğu halda, ikinci mərhələdə əsas resurs insan kapitalı olacaq. Böyük Qayıdış çərçivəsində həmin ərazilərə qaytarılan insanların insan kapitalının formalaşdırılması və onların məşğulluğunun təmin olunması xüsusi əhəmiyyət daşıyacaq. Bu baxımdan, dövlətin məşğulluq siyasəti ilə bölgənin yeni iqtisadi və innovasiya mərkəzinə çevrilməsi arasında əlaqənin qurulması çox vacibdir.
Azərbaycanın rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılması və Böyük Qayıdışın təmin olunması paralel prioritetlər kimi nəzərdən keçirilir. Bu yanaşma 2030-cu ilə proyeksiya olunan strategiyanın icrasına xidmət edə bilər və artıq həm qanunvericilik, həm də əməliyyat müstəvisində öz təsdiqini tapır.
