İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Avstraliyanın keçmiş naziri AUKUS sualtı qayıq sazişi ilə bağlı ictimai maliyyələşdirilən araşdırmaya başlayır

Avstraliyanın keçmiş ətraf mühit naziri ölkənin tarixindəki ən böyük müdafiə layihəsi hesab olunan çoxmilyardlıq AUKUS sualtı qayıq sazişinin ictimai vəsait hesabına maliyyələşdirilən müstəqil araşdırmasına rəhbərlik edəcək.

2007–2010-cu illərdə ətraf mühit naziri vəzifəsində çalışmış Piter Qarret bildirib ki, Avstraliyanın köhnəlmiş sualtı qayıq donanmasını əvəz etmək üçün ABŞ-dan ikinci əl sualtı qayıqlar almasını nəzərdə tutan 368 milyard Avstraliya dolları (239 milyard ABŞ dolları) dəyərindəki sazişin müstəqil şəkildə araşdırılması artıq çoxdan gözlənilən addımdır.

Eyni zamanda məşhur “Midnight Oil” rok qrupunun solisti olan Qarret qeyd edib ki, AUKUS Avstraliya tarixində ən bahalı müdafiə sazişidir və bu mövzuda sual vermək, müzakirə aparmaq və qərar qəbul etmək imkanı parlamentin və xalqın əlindən alınıb.

Araşdırma çərçivəsində ictimai dinləmələr keçiriləcək və yekun hesabatın oktyabr ayında təqdim olunması planlaşdırılır.

Qarretlə birlikdə araşdırma komissiyasında Avstraliya Müdafiə Qüvvələrinin keçmiş komandanı admiral Kris Barri, Qərbi Avstraliyanın keçmiş baş naziri Karmen Lourens və digər komissarlar da yer alacaqlar.

Komissiya üzvlərindən biri də 1950-ci illərdə Cənubi Avstraliyada Böyük Britaniyanın keçirdiyi nüvə sınaqları nəticəsində görmə qabiliyyətini itirmiş aborigen kişinin qızı Karen Lesterdir.

Müstəqil deputatlar Devid Pokok və Endryu Uilki də araşdırmaya dəstək veriblər. Təşəbbüs qeyri-kommersiya təşkilatı olan Avstraliya Sülh və Təhlükəsizlik Forumu tərəfindən təşkil olunur.

Araşdırma zamanı nüvə enerjisi ilə işləyən hücum tipli sualtı qayıqların alınmasının Avstraliyanın təhlükəsizliyinə necə təsir göstərəcəyi, ölkənin regional sülh və təhlükəsizlik sahəsindəki mövqeyinə təsiri kimi məsələlər nəzərdən keçiriləcək.

Komissiya həmçinin aşağıdakı suallara cavab axtaracaq:

Avstraliya ödəniş etdiyi sualtı qayıqları həqiqətən əldə edəcəkmi?

Nüvə tullantıları harada və necə saxlanılacaq?

Bu saziş ölkənin suverenliyinə mənfi təsir göstərə bilərmi?

Araşdırma AUKUS-un Avstraliyanın ən böyük ticarət tərəfdaşı olan Çinlə münasibətlərinə təsirini də qiymətləndirəcək.

AUKUS sazişi ilk dəfə 2021-ci ilin sentyabrında elan olunub. Rəsmi sənədlərdə açıq şəkildə qeyd edilməsə də, sazişin əsas məqsədinin Çinin Hind-Sakit okean regionunda artan təsirinə qarşı balans yaratmaq olduğu düşünülür. Xüsusilə Cənubi Çin dənizi kimi mübahisəli ərazilərdə artan gərginlik bu kontekstdə göstərilir.

Çin isə saziş elan edilən zaman onu “son dərəcə məsuliyyətsiz” addım kimi qiymətləndirmişdi.

Bu həftənin əvvəlində Avstraliya hökuməti sazişdə dəyişikliklər etdiyini açıqlayıb. Yeni plana əsasən, ölkə ABŞ-dan üç ədəd ikinci əl sualtı qayıq alacaq. Bu, əvvəllər nəzərdə tutulan ən azı bir yeni sualtı qayığın alınması planını əvəz edir.

2027-ci ildən etibarən isə razılaşma çərçivəsində ABŞ və Böyük Britaniyaya Qərbi Avstraliyanın Pert şəhərində məhdud sayda nüvə enerjili sualtı qayıq yerləşdirmək imkanı veriləcək.

Böyük Britaniya 2024-cü ildə hakimiyyətə gələn Leyboristlər hökumətinin rəhbəri Keir Starmer dövründə sazişi yenidən nəzərdən keçirmişdi. ABŞ da ötən ilin iyun ayında müqavilə ilə bağlı ayrıca araşdırmaya başlamışdı.

 

Mənbə:BBC

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az