Sentyabr 22, 2026
Baku
Xəbərlər

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında

Sentyabrın 22-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin cari ilin payız sessiyasında ilk iclası keçirilib. Komitənin sədri Sadiq Qurbanov iclası açaraq komitə üzvlərinə növbəti sessiyada uğurlar arzulayıb.
O, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə son dövrdə Azərbaycanın siyasi, iqtisadi, beynəlxalq həyatında mühüm əhəmiyyətli hadisələrin baş verdiyini bildirib. Komitə sədri dövlət başçımızın son aylardakı fəaliyyətinin, xüsusilə Qarabağ və Şərqi Zəngəzura Böyük Qayıdışın davam etdirilməsi, iqtisadi inkişafın yeni mərhələsinin formalaşdırılması, enerji siyasətinin şaxələndirilməsi, kənd təsərrüfatı və ətraf mühitin təhlükəsizliyinin gücləndirilməsi, beynəlxalq nəqliyyat və iqtisadi əlaqələrin genişləndirilməsi baxımından təqdirəlayiq olduğunu vurğulayıb. Qeyd edilib ki, ölkə başçısının keçirdiyi görüşlər, beynəlxalq tədbirlərdəki çıxışları,
irəli sürdüyü təşəbbüslər Azərbaycanın regional və beynəlxalq münasibətlər sistemində mövqeyinin daha da möhkəmlənməsinə xidmət edir.
Sonra Sadiq Qurbanov iclasın gündəliyinə 5 məsələnin – 2026-cı ilin yaz və növbədənkənar sessiyaları dövründə Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində
görülən işlər barədə hesabat, komitənin payız sessiyası üçün iş planının layihəsi və bir sıra qanun layihələrinin daxil edildiyini söyləyib.
Əvvəlcə, iclasda 2026-cı ilin yaz və növbədənkənar sessiyaları dövründə komitədə görülən işlər barədə hesabat nəzərə çatdırılıb. Bu barədə komitənin üzvü Vüqar Rəhimzadə məlumat verib.
Qeyd edilib ki, hesabat dövründə komitənin fəaliyyəti ölkənin təbii ehtiyatlarının səmərəli idarə olunması, enerji təhlükəsizliyinin və enerji effektivliyinin gücləndirilməsi, ətraf mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması, yaşıl inkişaf prinsiplərinin qanunvericilikdə daha geniş əks olunması və beynəlxalq ekoloji öhdəliklərin hüquqi müstəvidə təmin edilməsi istiqamətlərini əhatə edib. Ötən sessiyalar ərzində komitənin 12 iclası keçirilib, 19 məsələyə baxılıb. Bu müddətdə komitə beynəlxalq əməkdaşlıq istiqamətində də səmərəli fəaliyyət göstərib. Komitə üzvləri enerji təhlükəsizliyi, iqlim dəyişmələri, dayanıqlı inkişaf, təmiz enerji, tullantıların idarə olunması və regional enerji əməkdaşlığı ilə bağlı beynəlxalq tədbirlərdə fəal iştirak ediblər.
Bildirilib ki, bu müddətdə komitə sədrinin ünvanına 279 vətəndaş müraciəti daxil olub. Komitə sədri tərəfindən 143 vətəndaş qəbul edilib. Komitə üzvlərinin ünvanına 1997 müraciət daxil olub. Komitədə vətəndaş müraciətləri daim diqqətdə saxlanılıb, onların qaldırdıqları məsələlərin araşdırılması və həlli istiqamətində lazımi addımlar atılıb. Bununla yanaşı, yaz və növbədənkənar sessiyalarda komitə üzvlərinin ölkənin ekoloji və enerji siyasəti ilə bağlı ictimaiyyətin məlumatlandırılması istiqamətində də fəallığı davam etdirilib. Deputatlar mətbuat və sosial şəbəkə platformalarında çıxış edərək qəbul olunan qanunların mahiyyəti, habelə təbii ehtiyatlardan səmərəli istifadə, ətraf mühitin mühafizəsi, iqlim dəyişmələri, bərpaolunan enerji və digər aktual məsələlər barədə vətəndaşlar arasında maarifləndirmə işləri aparıblar.
Sonra komitə sədri Sadiq Qurbanov komitənin 2026-cı ilin payız sessiyası üçün iş planının layihəsini təqdim edərək, bildirib ki, qarşıdan gələn dövr ərzində komitədə
qanunvericilik təşəbbüsü qaydasında təqdim edilən qanun layihələri, o cümlədən mövcud qanunlarda dəyişikliklər edilməsi haqqında sənədlər müzakirəyə çıxarılacaq. Sessiya müddətində, habelə müxtəlif mövzularda dinləmələrin keçirilməsi nəzərdə tutulub. İş planına müvafiq orqanlardan və vətəndaşlardan daxil olan təkliflərin təhlili, müraciətlərə baxılması və vətəndaşların qəbulu ilə bağlı məsələlər də daxildir.
Daha sonra komitə sədri gündəlikdəki qanun layihələrini təqdim edib. Əvvəlcə, o “Azərbaycan Respublikasının Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarının bəzi hissələrini əhatə edən ərazi (Quba Xəzəryani) üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “Gran
Tierra Energy (Azərbaycan) GmbH” şirkəti və “SOCAR Quba-Xəzəryani” MMC arasında Saziş”in qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” qanun layihəsi haqqında danışıb.
Diqqətə çatdırılıb ki, Saziş həmin ərazidə karbohidrogen ehtiyatlarının müəyyənləşdirilməsi, perspektiv strukturların qiymətləndirilməsi, həmçinin ehtiyatların
işlənməsi və hasilatın təşkil edilməsi ilə bağlı məsələləri ehtiva edir. Sonra tədbirdə “Ətraf mühitin mühafizəsi haqqında” və “Ətraf mühitə təsirin
qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsindən (birinci oxunuş) bəhs edilib. Bildirilib ki, layihəyə əsasən, “Ətraf mühitin mühafizəsi haqqında” Qanuna edilən dəyişiklikdə ətraf mühitin istehsalat
monitorinqinin ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) tələb olunan fəaliyyət növləri ilə məşğul olan hüquqi şəxslər tərəfindən aparılması, istifadə edilən ölçmə vasitələrinin qanunvericiliyə uyğunluğunun təmin edilməsi və monitorinq nəticələri barədə illik hesabatın növbəti ilin fevral ayının 1-dən gec olmayaraq aidiyyəti dövlət orqanına təqdim edilməsi müəyyən olunur. Bununla yanaşı, sənəddə “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Qanuna təklif olunan dəyişikliklə sifarişçinin ƏMTQ sənədini aidiyyəti dövlət orqanının rəsmi internet informasiya ehtiyatında yerləşdirilməsi üçün həmin orqana təqdim etmək öhdəliyi təsbit edilir.
Komitədə, habelə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” və “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) nəzərdən keçirilib.
Qeyd olunub ki, “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Qanundakı dəyişiklikdə ƏMTQ dairəsinə düşən kənd təsərrüfatı məhsullarının istehsalı üzrə
ixtisaslaşmış təsərrüfatların, o cümlədən heyvandarlıq, quşçuluq, balıqçılıq üzrə müəssisələrin və aqroparkların əhatə dairəsi dəqiq müəyyən edilir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanuna təklif olunan dəyişikliyə əsasən isə ölkə ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırıldığı dövrdə balıqçılıq sahəsində nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar aparıla biləcək.
Tədbirdə çıxış edən komitənin sədr müavini Fatma Yıldırım, üzvləri Nigar Arpadarai, Naqif Həmzəyev, Eyvaz Qurbanov, Asif Əsgərov, Parlament Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov müzakirəyə çıxarılan məsələlərlə bağlı öz fikirlərini, qeyd və təkliflərini söyləyiblər. İclasda 2026-cı ilin yaz və növbədənkənar sessiyaları dövründə Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində görülən işlər məqbul hesab olunub, komitənin cari ilin payız sessiyası üçün iş planının layihəsi təsdiq edilib, gündəlikdəki qanun layihələri Milli Məclisin plenar iclasında baxılması üçün tövsiyə olunub. İclasda komitənin üzvləri Bədəl Bədəlov, Rövşən Muradov və digər rəsmi şəxslər
iştirak ediblər.

 

       

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi

Gundelik.az