İyul 8, 2026
Baku
Dünya Xəbərlər

OpenAI-nin ChatGPT-yə kütləvi qətllərdə yardım etməyə imkan verdiyi iddia olunur: Florida məhkəməyə müraciət edib

ABŞ-ın Florida ştatı süni intellekt şirkəti openai.com⁠ və onun rəhbəri Sam Altman əleyhinə məhkəmə iddiası qaldıran ilk ştat olub.

Florida Baş Prokuroru James Uthmeier tərəfindən qaldırılan genişmiqyaslı iddiada bildirilir ki, ChatGPT uşaqları təhlükəyə atır və asılı vəziyyətə salır, kütləvi qətllər törədən şəxslərə yardım edir, bəzi istifadəçiləri intihara sövq edir və bütün bunlar şirkətin mənfəət əldə etmək məqsədilə həyata keçirdiyi fəaliyyətlərin nəticəsidir.

OpenAI isə cavab bəyanatında bildirib ki, şirkət “sənayedə aparıcı hesab olunan təhlükəsizlik tədbirləri və siyasətlər tətbiq edib”.

Bu hüquqi proses Florida ştatının ötən il Florida State University-də baş vermiş kütləvi atışma zamanı ChatGPT-nin hadisədə hər hansı rol oynayıb-oynamadığını araşdırdığı cinayət istintaqı fonunda başlayıb.

Mülki iddiada Sam Altmanın da şəxsən məsuliyyət daşıdığı irəli sürülür. Sənəddə onun və şirkətin davranışları “ehtiyatsız və qəsdən həyata keçirilən hərəkətlər” kimi qiymətləndirilir və insan həyatına yönələn risklərə qarşı “tam laqeydlik” nümayiş etdirdikləri iddia olunur.

Şikayətdə OpenAI-yə qarşı bir sıra ittihamlar irəli sürülüb. Bunlara istehlakçıların aldadılması, ədalətsiz ticarət təcrübələri, səhlənkarlıq, məhsul məsuliyyəti qanunlarının pozulması, dələduzluq xarakterli yanlış məlumat vermə və ictimai narahatlığa səbəb olma daxildir.

İddiada Florida Dövlət Universitetindəki atışma hadisəsinə, eləcə də University of South Florida-nın iki doktorantının qətli ilə bağlı işə istinad edilir. Prokurorların sözlərinə görə, həmin cinayətdə şübhəli bilinən şəxs insan cəsədlərinin necə gizlədilməsi ilə bağlı ChatGPT-yə suallar verib.

Mətbuat konfransında çıxış edən Uthmeier bildirib:

“Sam Altman və ChatGPT uşaqlarımızın təhlükəsizliyi əvəzinə süni intellekt yarışını seçiblər. Onlar ictimai təhlükəsizlikdən daha çox mənfəəti üstün tutublar və biz Floridada buna göz yummayacağıq. Onları məsuliyyətə cəlb edəcəyik.”

OpenAI isə BBC-yə açıqlamasında deyib:

“Övlad itirmək bir ailənin yaşaya biləcəyi ən ağır faciədir və heç bir söz bu ağrını tam ifadə edə bilməz.”

Şirkət əlavə edib ki, süni intellekt güclü və yeni texnologiyadır, buna görə də azyaşlıların qorunmasına xüsusi diqqət yetirilir və bu məqsədlə qabaqcıl təhlükəsizlik tədbirləri tətbiq olunub.

OpenAI bildirib ki, məhsullarında yaş müəyyənləşdirmə alətləri və valideynlərə övladlarının süni intellektdən istifadəsini izləməyə imkan verən funksiyalar mövcuddur.

Şirkətin nümayəndəsi qeyd edib:

“Bilirik ki, bu tədbirlər heç bir ailənin itkisini geri qaytara bilməz, lakin biz bu sahədə düzgün addımlar atmağa sadiqik.”

Bu iddia OpenAI-yə qarşı açılan çoxsaylı məhkəmə proseslərinin fonunda meydana çıxıb. Həmin işlərin bəzilərində ChatGPT-nin istifadəçiləri intihara təşviq etdiyi və ya təhlükəli sayıqlamalarını gücləndirdiyi iddia olunur.

Bundan başqa, bu ilin əvvəlində Kanadadakı Tumbler Ridge mass shooting hadisəsinin bəzi qurbanlarının ailələri də OpenAI-ni məhkəməyə veriblər. Şirkət həmin şəxsin ChatGPT hesabını problemli fəaliyyət səbəbindən bağlasa da, hüquq-mühafizə orqanlarına məlumat verməyib.

OpenAI sonradan polisə məlumat vermədiyi üçün üzr istəyib, lakin bildirib ki, istifadəçinin fəaliyyəti başqalarına qarşı ciddi və yaxın təhlükə yaratdığına dair şirkətin müəyyən etdiyi həddi aşmamışdı.

Texnologiya nəhəngləri ümumilikdə artan hüquqi təzyiqlərlə üzləşirlər. Bu ilin əvvəlində Floridada bir gəncin atası google.com⁠-a qarşı iddia qaldıraraq, şirkətin süni intellekt məhsulunun oğlunun psixoloji vəziyyətini ağırlaşdırdığını və nəticədə onun intihar etməsinə səbəb olduğunu bildirib.

Eyni zamanda about.meta.com⁠, snap.com⁠, tiktok.com⁠ və youtube.com⁠ kimi platformalar da məhsullarını istifadəçilərdə asılılıq yaradacaq şəkildə hazırlamaq ittihamı ilə çoxsaylı məhkəmə işləri ilə üzləşirlər.

Mart ayında Meta və Google bir iddiaçıya vurulan zərərə görə məsuliyyət daşıdıqları barədə qərarla üzləşiblər. İddiaçı şirkətlərin platformalarını qəsdən asılılıq yaradacaq şəkildə dizayn etdiklərini bildirib.

Bu qərar texnologiya şirkətlərinin hüquqi məsuliyyəti ilə bağlı yanaşmada mühüm dəyişiklik kimi qiymətləndirilir. Uzun illərdir texnologiya şirkətləri istifadəçilərin yaratdığı məzmuna görə məsuliyyət daşımadıqlarını müdafiə etsələr də, məhsulun dizaynı ilə bağlı məsuliyyət iddiaları getdikcə daha çox hüquqi dəstək qazanır.

Florida qubernatoru Ron DeSantis və Baş Prokuror Uthmeier son dövrlər süni intellekt şirkətlərinin fəaliyyətinə daha sərt nəzarət edilməsini tələb edən siyasətçilər sırasında yer alırlar.

Florida həmçinin ştatların süni intellekti tənzimləmək imkanlarını məhdudlaşdırmaq cəhdlərinə qarşı çıxıb və vətəndaşların məlumatlarının məxfiliyini qorumaq, eləcə də məlumat mərkəzlərinin mümkün mənfi iqtisadi təsirlərindən müdafiə etmək məqsədilə “Süni İntellekt Hüquqları Bəyannaməsi” adlı təşəbbüs irəli sürüb.

 

Mənbə:BBC

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az