Ailə münasibətləri zamanla formalaşan, müxtəlif mərhələlərdən və sınaqlardan keçən mürəkkəb bir sistemdir. Xüsusilə uzun illər davam edən evliliklərin qəfil bitməsi cəmiyyətdə çox zaman təəccüb doğurur. Lakin bu “qəfil qərarların” arxasında illərlə yığılan emosional gərginlik, anlaşılmazlıqlar və həll olunmamış problemlər dayanır.
“Sabaha Ümidlə” Psixoloji Dəstək İctimai Birliyinin sədri, ailə psixoloqu, pedaqoq Nərminə Çəfərova Gundelik.az-a müsahibəsində bu məsələlərə aydınlıq gətirir.
30–35 illik evliliyin qəfil bitməsi mümkündürmü, yoxsa bu, uzunmüddətli prosesin nəticəsidir?
– Əlbəttə, 30 illik evlilik birdən-birə bitmir. Bu, zahirən belə görünə bilər. Əslində isə bu qərar illərlə yığılan problemlərin nəticəsidir. Ümumilikdə boşanmaların təxminən 50%-i evliliyin ilk beş ilinə – yəni ilk böhran dövrünə təsadüf edir. Digər 50%-i isə 19–25 illik ailələrin payına düşür. Bu da təsadüfi deyil.
Bəs niyə bəzi xanımlar uzun illər bu münasibətləri davam etdirirlər?
– İlk böhran dövrü keçdikdən sonra bir çox hallarda uşaqların mövcudluğu evliliyin davam etməsində əsas rol oynayır. Xanımlar çox vaxt uşaqların natamam ailədə böyüməməsi üçün, həmçinin cəmiyyətin yanaşmasını nəzərə alaraq bu münasibətləri davam etdirirlər.
Amma bu dövrdə daxildə emosional boşluqlar formalaşır. Qadın özünü dəyərsiz hiss edir, münasibətdə görünmədiyini düşünür və zamanla sevgi azalır.
Münasibətlərdə sevgi və hörmətin rolu necədir?
– Əgər sevgi bir sudursa, hörmət onun qabıdır. Yəni hörmət yoxdursa, sevgi də qalmaz. Zaman keçdikcə hörmətsizlik, laqeydlik münasibətlərdə emosional bağın zəifləməsinə gətirib çıxarır. Nəticədə tərəflər arasında yaxınlıq itir.
Orta yaş dövrü bu prosesə necə təsir edir?
– Qadınlarda xüsusilə 40 yaş dövrü bir növ “hesabat mərhələsi”dir. Bu dövrdə insan öz həyatını dəyərləndirir: “Mən kiməm?”, “İstədiyim həyatı yaşamışammı?”, “Bu münasibət mənə nə verib?” kimi suallar ön plana çıxır.
Əgər bu vaxta qədər yığılan narazılıqlar, psixoloji gərginliklər varsa, bu mərhələdə onlar daha qabarıq şəkildə üzə çıxır.
Bu qərara hansı amillər daha çox təsir edir?
– İllərlə yığılan emosional yük əsas rol oynayır. Buraya psixoloji təzyiq, hörmətsizlik, laqeydlik, bəzən fiziki şiddət və keçmiş xəyanətlərin izləri daxildir. Bütün bunlar zamanla insanın daxilində yığılır və bir nöqtədə “son damla” effekti yaradır.
Bəzi hallarda xanımlar açıq şəkildə bildirir ki, uşaqlar böyüyənə qədər gözləyiblər və sonra boşanmaq qərarı veriblər.
Ailələrdə böhran dövrləri haqqında nə deyə bilərsiniz?
– Ailənin müxtəlif böhran dövrləri var. İlk il – uyğunlaşma mərhələsi, ilk uşağın dünyaya gəlməsi, uşaqların məktəbə başlaması, onların evdən ayrılması kimi mərhələlər hər biri ayrıca böhran dövrüdür.
Bundan əlavə, iqtisadi çətinliklər, məsələn, biznesin iflası da ciddi sınaq mərhələsi yaradır. Hər bir böhran dövrü potensial qırılma nöqtəsidir.
Niyə bəzi ailələr bu böhranları keçir, bəziləri isə dağılır?
– Bu, tərəflərin həmin dövrləri necə idarə etməsindən asılıdır. Əgər münasibətdə qarşılıqlı dəstək, anlayış və hörmət varsa, böhranlar aşılır. Amma əgər xanım uzun illər emosional və psixoloji baxımdan yıpranıbsa, həmin böhran nöqtəsində artıq münasibəti davam etdirmək istəmir.
Uzun illik evliliklərin dağılması sizi necə təsirləndirir?
– Açığı, bu hallar çox məyusedicidir. Bəzən görürsən ki, tərəflər illərlə birlikdə çətinliklərdən keçiblər, uşaqlar böyüdüblər. Amma sonda xanım bildirir ki, artıq yorulub və bu münasibəti davam etdirmək istəmir.
Bu, göstərir ki, uzunömürlü evliliklərin qorunması üçün təkcə zaman kifayət etmir – münasibətin keyfiyyəti əsasdır.
Qeyd: Müsahibəni tərtib etdi Məhəmməd Nəzərov
Gundelik.az
