Mütəxəssislər səhər yeməyi yemədən məktəbə gedən uşaqların gün ərzində daha yorğun və halsız ola biləcəyini, dərslərə diqqəti cəmləməkdə çətinlik çəkə biləcəyini bildirirlər. Ac qalan uşaqların paketlənmiş və şəkərli qidalara daha çox yönəlməsi isə piylənmə riskini artırır.
Dietoloq Merve Sena Nazlı qeyd edib ki, uşaqlar günə balanslı səhər yeməyi ilə başlamalıdır. Menyuya yumurta, pendir, zeytun, çörək, pomidor və bibər kimi tərəvəzlər, həmçinin meyvə daxil edilə bilər. Bu qidalar uşağın enerji və qida ehtiyaclarının qarşılanmasına kömək edir.
Mütəxəssis vurğulayıb ki, səhər yeməyi uşaqlarda çəkiyə nəzarət baxımından da əhəmiyyətlidir. Doymuş halda məktəbə gedən uşaqların gün ərzində şəkərli və zərərli qidalara meyli daha az olur.
Nazlının sözlərinə görə, simit və poğaça kimi sadə karbohidratlarla kifayətlənmək də düzgün deyil. Bu cür qidalanma qarın nahiyəsində yağlanmanı və uşaqlarda qaraciyər piylənməsi riskini artırır.
Mütəxəssis ailələrə səhər yeməyi üçün çox vaxt tələb etməyən sağlam seçimlərə üstünlük verməyi tövsiyə edib.
Mənbə:CNN Türk
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
