15 sentyabr – Bilik Günü ölkəmizdə yeni tədris ilinin başlanğıcını simvolizə edən əlamətdar tarixlərdən biridir. Bu gün bir tərəfdən məktəb həyatı ilə yeni tanış olan birinci sinif şagirdləri, digər tərəfdən yeni sinfə, yeni təhsil mərhələsinə qədəm qoyan uşaqlar, eləcə də qarşılarında mühüm imtahanlar dayanan yuxarı sinif şagirdləri və tələbə həyatına başlayan gənclər üçün fərqli məna daşıyır.
Yeni tədris ili yalnız dərslərin, qiymətlərin və imtahanların başlanğıcı deyil. Bu, uşaqların və gənclərin həyatında yeni mühitə uyğunlaşma, məsuliyyət qazanma, müstəqilliyə doğru addımlama baxımından da mühüm mərhələdir. Xüsusilə birinci sinfə qədəm qoyan uşaqlar üçün məktəb yeni müəllim, yeni dostlar, yeni qaydalar və tamamilə fərqli bir mühit deməkdir. Bu prosesdə valideynlərin münasibəti uşağın məktəbə emosional uyğunlaşmasında mühüm rol oynayır.
Bəs valideynlər yeni tədris ili ərəfəsində uşaqlarına necə dəstək olmalıdırlar? Birinci sinfə başlayan uşağın məktəb qorxusunu necə azaltmaq olar? İbtidai sinifdən yuxarı sinfə keçid dövründə hansı dəyişikliklər baş verir? Abituriyentlərə münasibətdə valideynlər hansı səhvlərdən çəkinməlidirlər? Universitetə qəbul olan gənclərin valideynləri yeni mərhələdə öz davranışlarını necə dəyişməlidirlər?
Gundelik.az bu və digər suallara aydınlıq gətirmək üçün “Sabaha Ümidlə Psixoloji Dəstək” İctimai Birliyinin sədri, ailə psixoloqu, pedaqoq Nərminə Çəfərova ilə söhbətləşib
– Nərminə xanım, 15 sentyabr yeni tədris ilinin başlanğıcı olmaqla yanaşı, uşaqlar üçün müxtəlif emosional mərhələlərin də başlanğıcıdır. Xüsusilə birinci sinfə qədəm qoyan uşaqlar üçün bu gün nə ifadə edir?
– 15 sentyabr yeni tədris ilinin başladığı, ölkəmizdə Bilik Günü kimi qeyd olunan əlamətdar tarixdir. Yeni dərs ili hər uşaq üçün eyni məna daşımır. Hamı üçün ümumi olaraq təhsili xatırladan bir tarix olsa da, hər uşaq bu günü fərqli şəkildə yaşayır.
Məsələn, ilk dəfə məktəbə qədəm qoyan uşaq üçün bu, yeni mühit, yeni müəllim, yeni dostlar və yeni sinif yoldaşları deməkdir. Ona görə də həmin uşaqlar müəyyən çətinliklərlə qarşılaşa bilərlər.
Burada ən vacib məsələ dərslərin çətinliyi deyil, uşağın məktəb mühitinə və yeni həyata emosional baxımdan uyğunlaşmasıdır. Buna görə də əziz valideynlərə tövsiyəm budur: altı yaşlı uşaqlardan ilk gündən mükəmməl intizam və yüksək nəticə gözləməyin.
Əsas məqsəd uşağa sizin onun yanında olduğunuzu hiss etdirməkdir. Hər hansı çətinliklə qarşılaşdıqda ona “Sən bacaracaqsan”, “Mən sənin yanındayam” demək, onun tək olmadığını hiss etdirmək çox vacibdir.
Uşaq məktəbə getməyi sevməyə, qorxa və ya ağlaya bilər. Belə hallarda onu digər uşaqların və ya böyüklərin yanında utandırmaq olmaz. “Sən artıq böyümüsən”, “Ayıbdır, ağlama” kimi ifadələr işlətməkdənsə, onun hisslərini anlamağa çalışmaq lazımdır. Çünki məktəbə uyğunlaşma üçün əsas amil təzyiq deyil, uşağa təhlükəsizlik hissinin verilməsidir.
– Bəs ibtidai sinifdən yuxarı sinfə keçid zamanı uşaqlarda hansı dəyişikliklər müşahidə olunur?
– İbtidai sinifdən, xüsusilə dördüncü sinifdən beşinci sinfə keçid uşağın həyatında kifayət qədər ciddi dəyişiklikdir. Fənlərin sayı artır, uşaq daha çox müəllimlə ünsiyyətdə olur və üzərinə düşən məsuliyyət də çoxalır.
Bu dövrdə uşaqlarda narahatlığın artması mümkündür. Hətta qiymətlərində müvəqqəti enmələr də müşahidə oluna bilər. Lakin valideyn bunu uşağın qabiliyyətinin azalması kimi qiymətləndirməməlidir.
Bu mərhələdə valideynin əsas vəzifəsi uşağın yerinə onun çatdıra bilmədiyi işləri görmək deyil, yeni sistemə uyğunlaşmağı öyrətməkdir.
Məsələn, uşaq aşağı qiymət alıbsa, ona “Niyə aşağı qiymət almısan?” deyə ittiham etməkdənsə, “Bu dərsdə sənə ən çətin gələn nədir?”, “Səncə, bunu necə daha yaxşı edə bilərik?” kimi suallar vermək daha faydalıdır.
Belə yanaşma uşağın tədricən müstəqil öyrənmə və vaxtını idarəetmə bacarıqlarının formalaşmasına kömək edir.
– Yuxarı siniflərdə isə uşaqları qarşıda daha ciddi sınaqlar gözləyir. Xüsusilə 10-11-ci sinif şagirdləri və abituriyentlərlə bağlı valideynlərə nə tövsiyə edərdiniz?
– Bu il abituriyent olan 10-11-ci sinif şagirdləri üçün məsuliyyətli və həlledici bir dövrdür. Onların qarşısında böyük məqsəd dayanır. Bəziləri peşə istiqamətinə yönəlir, digərləri qəbul və buraxılış imtahanlarına hazırlaşırlar. Bu dövrdə valideynin münasibəti xüsusi əhəmiyyət daşıyır. Əziz valideynlər, unutmayaq ki, imtahan uşağın həyatının yalnız bir mərhələsidir və onun şəxsiyyətinin göstəricisi deyil.
Uşaqları başqaları ilə müqayisə etmək, çəkilən xərcləri tez-tez onların üzünə vurmaq, “Filankəsin uşağı daha yüksək bal toplayır”, “Bu balla sən hara qəbul ola bilərsən?” kimi ifadələr işlətmək onlarda motivasiya yaratmaq əvəzinə narahatlıq yarada bilər. Əlbəttə, uşağın nəticəsinə nəzarət etmək lazımdır. Amma onun bütün həyatını imtahana çevirmək olmaz.
Bəzən uşaqların ən böyük ehtiyacı yalnız imtahana hazırlıq deyil, onları anlayan və onlara inanan valideynlərdir. Ona görə də “Neçə bal yığacaqsan?” sualının əvəzinə “Özünü necə hiss edirsən?” sualını vermək daha doğrudur.
Uşaqlar hiss etməlidirlər ki, onlar yalnız qabiliyyətlərinə və uğurlarına görə deyil, olduqları üçün sevilirlər.
– Bəs bu il tələbə adını qazanan gənclərin valideynləri yeni mərhələdə öz münasibətlərini necə qurmalıdırlar?
– Tələbə adı qazanan gənclərin valideynlərinə demək istəyirəm ki, bu mərhələ uşağınızın həyatında yalnız təhsildə yeni pillə deyil, həm də müstəqilliyə keçidin başlanğıcıdır.
Artıq valideyn nəzarət edən şəxsdən daha çox dəstək verən şəxsə çevrilməlidir. Gəncin öz qərarlarını verməsinə, məsuliyyət daşımasına və müəyyən məsələlərdə müstəqil davranmasına imkan yaratmaq lazımdır.
Bəzən uşağın səhv etməsinə də şərait yaratmaq vacibdir. Çünki müstəqillik yalnız azadlıq demək deyil. Müstəqillik həm də seçim etmək, həmin seçimin məsuliyyətini daşımaq və nəticələrindən nəticə çıxarmaq bacarığıdır.
– Valideynlərin övladlarının uğuruna dair gözləntiləri bəzən uşaqlar üzərində təzyiq yarada bilir. Bu məsələdə əsas prinsip nə olmalıdır?
– Əziz valideynlər, uşaqlarınızın qiymətləri, məktəbi dəyişə bilər, imtahan nəticəsi sizi qane etməyə bilər. Seçdiyi universitetlə bağlı xəyal qırıqlığı da yaşaya bilərsiniz.
Amma bütün bunlara baxmayaraq, dəyişməməli olan bir şey var: uşağınız bilməlidir ki, o, uğur qazandığı üçün deyil, sizin övladınız olduğu üçün dəyərlidir.
Yeni tədris ilində uşaqlarımıza yalnız bilik deyil, özünəinam, məsuliyyət götürmək bacarığı, müstəqillik və psixoloji təhlükəsizlik də qazandıraq.
Qoy bu dərs ili uşaqlarımız üçün yalnız uğurlu deyil, həm də sağlam, təhlükəsiz və xoş xatirələrlə dolu olsun.
Unutmayaq ki, yaxşı təhsil yalnız yaxşı nəticə demək deyil, həm də sağlam psixologiyadır. Sağlam psixologiya isə uşağın səhv etməkdən qorxmadığı, özünü başqaları ilə müqayisə etmədiyi və uğurundan asılı olmayaraq dəyərli olduğunu bildiyi mühitdə formalaşır.
