Mütəxəssislər axşam saat 19:00-dan sonra qida qəbul etməməyi tövsiyə edirlər. Bu vərdiş gec saatlarda qəbul edilə biləcək əlavə kalorilərin qarşısını almaqla yanaşı, enerji balansına və yuxu rejiminə də təsir göstərir. Bəs saat 19:00-dan sonra yemək yeməyi dayandırdıqda ilk 72 saat ərzində orqanizmdə hansı dəyişikliklər baş verir?
Axşam saatlarında yemək yemək çəki artımına səbəb olur. Bu baxımdan sağlam qidalanmaya diqqət yetirmək olduqca vacibdir. Lakin burada əsas amil yalnız saatın 19:00 olması deyil. Gün ərzində qəbul edilən ümumi kalori miqdarı, qidaların tərkibi və insanın bioloji ritmi də mühüm rol oynayır.
İlk 24 saat: bəzi narahatlıqlar azalır
Axşam yeməyindən sonra əlavə qida qəbul etməmək həzm sisteminə gecə ərzində daha uzun müddət dincəlmək imkanı verir. Xüsusilə yatmazdan əvvəl yemək yeməyə alışan insanlarda gecə reflüsü və həzmsizlik kimi şikayətlər azalır.
24-48 saat: qan şəkərində dəyişikliklər ola bilər
Gecə qəlyanaltılarını dayandırmaq, xüsusilə şəkərli və yüksək kalorili qidalar qəbul edən insanlarda gündəlik enerji qəbulunun azalmasına səbəb olur. Uzunmüddətli aclıq zamanı insulin səviyyəsi də aşağı düşməyə başlayır və orqanizm enerji əldə etmək üçün daha çox depolanmış ehtiyatlara yönəlir.
Lakin bu, 24-48 saat ərzində nəzərəçarpacaq miqdarda yağ yandırıldığı anlamına gəlmir.
48-72 saat: orqanizm yeni rejimə uyğunlaşmağa başlayır
Qidalanma saatlarının nizamlı olması orqanizmin yuxu-oyanıqlıq və aclıq-toxluq ritminə daha uyğun rejim formalaşdırmasına kömək edir. Səhərlər özünü daha yüngül hiss etmək və gecə yemək istəyinin azalması mümkün olsa da, bu təsirlər insandan-insana dəyişir.
Başqa sözlə, saat 19:00-dan sonra yeməyi dayandırmaq ümumi kalori qəbuluna nəzarət etməyə kömək etməklə çəki idarəsinə dəstək olur.
Lakin sağlam qidalanmada yalnız yemək saatı deyil, gün ərzində qəbul edilən qidaların keyfiyyəti və miqdarı, həmçinin insanın ümumi həyat tərzi daha böyük əhəmiyyət daşıyır.
Mənbə:CNN Türk
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
