Sentyabr 7, 2026
Baku
Mədəniyyət və cəmiyyət Xəbərlər

Yatağa girəndə beyniniz susmursa, diqqət edin

Gün ərzində fərq edilməyən narahatlıq və düşüncələr gecə yatağa girəndə daha qabarıq şəkildə ortaya çıxır. “Sabah nə olacaq?”, “Ya hər şey istədiyim kimi getməsə?” kimi sualların beynimizdə təkrar-təkrar səslənməsi yuxuya getməyi çətinləşdirir.

Psixoloq Beste Çokaygil bildirir ki, gün ərzində iş, telefon, sosial media və gündəlik məsuliyyətlər insanın diqqətini xarici dünyaya yönəldir. Gecə sakitlik yarandıqda isə diqqət daxili düşüncələrə çevrilir. Gün ərzində təxirə salınan narahatlıqlar da məhz bu zaman özünü göstərir.

Mütəxəssisin sözlərinə görə, zehni yorğunluq gecə saatlarında problemləri olduğundan daha böyük göstərməyə səbəb olur. Buna görə də xüsusilə gecələr mühüm qərarlar qəbul etməkdənsə, məsələni səhər yenidən dəyərləndirmək tövsiyə olunur.

Gecələr eyni düşüncələrin təkrar-təkrar beynimizdə dolaşması ruminasiya, yəni düşüncələr üzərində davamlı şəkildə ilişib qalmaq kimi izah edilir. İnsan həll yolu axtardığını düşünsə də, bəzən sadəcə eyni narahatlığın ətrafında dövr edir.

Zehni sakitləşdirmək üçün nə etməli?

Mütəxəssislər yatmazdan əvvəl insanı narahat edən məsələləri qısa şəkildə kağıza yazmağı tövsiyə edirlər. Bu, düşüncələri növbəti günə saxlamağa kömək edir. Özünüzə “Bunu sabah düşünəcəyəm” demək də zehni dövrəni qırmağa yardımçı olur.

Bundan əlavə, yatmazdan əvvəl telefon və digər ekranlardan istifadəni azaltmaq, hər gün eyni saatlarda yatıb-durmaq və müntəzəm yuxu rejimi yaratmaq faydalıdır.

Ara-sıra yaşanan düşüncə intensivliyi narahatlıq doğurmur. Lakin gecələr davamlı güclü narahatlıq yaşanır, düşüncələri idarə etmək çətinləşir və bu vəziyyət yuxuya və gündəlik həyata ciddi təsir göstərirsə, mütəxəssisə müraciət etmək tövsiyə olunur.

 

Mənbə:CNN Türk

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az