ABŞ Prezidenti Donald Tramp administrasiyası İsrail və Fələstin Həmas hərəkatı arasında əldə olunmuş Qəzza razılaşmasını qorumaq üçün səylərini davam etdirir.
Gundelik.az xəbər verir ki, bu barədə “The New York Times” mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Ağ Ev rəsmiləri İsrailin baş naziri Benyamin Netanyahunun Həmas ilə əldə olunmuş sazişdən imtina edə biləcəyindən narahatdır. Bildirilir ki, ABŞ-nin vitse-prezidenti Cey Di Vans, prezidentin xüsusi nümayəndəsi Stiven Vitkoff və Trampın müşaviri Cared Kuşnerin əsas strategiyası Netanyahunu Həmasa qarşı genişmiqyaslı hücumu bərpa etməkdən çəkindirməkdir.
Mənbələrdən birinin sözlərinə görə, prezident Tramp hazırda Həmas rəhbərliyinin danışıqları davam etdirməyə hazır olduğuna inanır. O, İsrail əsgərlərinə edilən son hücumu isə hərəkatın “hücum elementləri” tərəfindən həyata keçirilmiş lokal hadisə kimi qiymətləndirir.
Qeyd edək ki, oktyabrın 9-da ABŞ Prezidenti Donald Trampın təşəbbüsü və Misir, Qətər, eləcə də Türkiyənin vasitəçiliyi ilə Qəzza üzrə sülh razılaşması əldə olunub. Razılaşmaya əsasən, anklavda aktiv hərbi əməliyyatlar dayandırılıb.
Saziş çərçivəsində Həmas 20 girovu İsrailə təhvil verib, İsrail isə təxminən 2000 fələstinli məhbusu azad edərək qüvvələrini əvvəlcədən razılaşdırılmış xəttə geri çəkib. Bununla belə, ölən girovların cəsədləri hələ də İsrail tərəfinə qaytarılmayıb.
İsrail Müdafiə Qüvvələri (İDQ) bazar günü Həmasın atəşkəsi ciddi şəkildə pozduğunu bəyan edib. İDQ-nin məlumatına görə, Həmas qüvvələri Qəzza zolağının cənubundakı Rəfah bölgəsində əməliyyat aparan İsrail əsgərlərinə tank əleyhinə raket atıb və atəş açıb.
Hadisəyə cavab olaraq İsrail Hərbi Hava Qüvvələri Rəfah bölgəsində Həmas mövqelərinə hava zərbələri endirib.
Gundelik.az
