ABŞ-nin texnologiya nəhəngi “Meta” aylarla davam edən işə qəbul prosesindən sonra süni intellekt bölməsində işə götürməni dayandırıb.
Gundelik.az xəbər verir ki, şirkət son vaxtlar “Google DeepMind”, “Apple”, “xAI” və “Anthropic” kimi iri texnologiya şirkətlərindən 50-dən çox mühəndis və tədqiqatçını transfer edib. İşə qəbul prosesinə birbaşa Mark Zukerberqin müdaxilə etdiyi, bəzi mütəxəssislərə isə 100 milyon dollardan artıq təkliflər edildiyi bildirilib.
Ötən həftədən qüvvəyə minən qərara əsasən, yalnız yeni kadrların işə qəbulu deyil, həm də mövcud əməkdaşların bölmələr arasında keçidi məhdudlaşdırılıb. Qərarın nə qədər davam edəcəyi açıqlanmasa da, yalnız Meta-nın süni intellekt direktoru Aleksandr Vanqın təsdiqi ilə istisna hal kimi tətbiq edilə biləcəyi qeyd olunub.
Şirkət rəsmilərinin sözlərinə görə, Meta-da aparılan yenidən təşkilatlanma çərçivəsində süni intellekt tədqiqatları dörd əsas qrupa ayrılıb:
• “TBD Lab” – süper süni intellekt üzərində çalışan əsas qrup,
• İkinci qrup – süni intellekt məhsullarına fokuslanan komanda,
• Üçüncü qrup – infrastruktur sahəsinə cavabdeh komanda,
• Dördüncü qrup – uzunmüddətli layihələr və yeni kəşflərlə məşğul olan komanda.
Meta-nın sözçüsü isə işə qəbulların dondurulduğunu təsdiqləyib və qərarın “əsas təşkilati planlaşdırma” çərçivəsində qəbul edildiyini vurğulayıb.
Gundelik.az
