ABŞ-nin aparıcı texnologiya şirkətləri — “Microsoft”, “Meta” və “Alphabet” iyul-sentyabr aylarını əhatə edən dövr üçün maliyyə hesabatlarını təqdim ediblər.
Gundelik.az xəbər verir ki, hesabatlara əsasən, hər üç şirkətin gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə artım göstərib.
“Microsoft” 2026-cı maliyyə ilinin birinci rübünə (30 sentyabr 2025-də başa çatan dövr) dair nəticələrini açıqlayıb. Şirkətin gəliri ötən ilin eyni dövrü ilə müqayisədə 18 faiz artaraq 77,7 milyard dollara çatıb. Ötən ilin analoji dövründə bu göstərici 65,6 milyard dollar olub. “Microsoft”un xalis mənfəəti 12 faiz artaraq 27,7 milyard dollar, bir səhm üzrə qazancı isə 3,30 dollardan 3,72 dollara yüksəlib.
“Meta” (“Facebook”, “Instagram” və “WhatsApp”ın sahibi) 2025-ci ilin üçüncü rübü üçün hesabat verib. Şirkətin gəliri illik müqayisədə 26 faiz artaraq 51,2 milyard dollara yüksəlib. Ötən ilin eyni dövründə bu göstərici 40,6 milyard dollar təşkil edib. Bununla belə, “Meta”nın xalis mənfəəti 83 faiz azalaraq 2,7 milyard dollara düşüb. Ötən ilin analoji dövründə şirkət 15,7 milyard dollar mənfəət əldə etmişdi. Səhm üzrə qazanc 6,03 dollardan 1,05 dollara enib. Şirkət növbəti rüb üçün 56–59 milyard dollar aralığında gəlir gözlədiyini açıqlayıb.
“Alphabet” (“Google”un ana şirkəti) də 2025-ci ilin üçüncü rübü üzrə maliyyə nəticələrini təqdim edib. Şirkətin gəliri 16 faiz artaraq 102,3 milyard dollara, xalis mənfəəti isə 33 faiz artaraq 35 milyard dollara çatıb. Ötən ilin eyni dövründə bu göstəricilər müvafiq olaraq 88,3 və 26,3 milyard dollar olub. “Alphabet”in bir səhm üzrə qazancı 2,12 dollardan 2,87 dollara yüksəlib.
Ümumilikdə, hesabat dövrü ABŞ texnologiya nəhəngləri üçün gəlirlilik baxımından müsbət nəticələr göstərsə də, “Meta”nın mənfəətindəki kəskin azalma bazarda diqqət çəkib.
Gundelik.az
