Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ və Rusiya liderləri, Donald Tramp və Vladimir Putin arasında Budapeştdə gözlənilən görüşə şübhə ilə yanaşdığını bildirib.
Gundelik.az “RBC-Ukrayn”ya istinadən xəbər verir ki, Zelenski qeyd edib ki, ABŞ prezidenti müharibənin bitməsi üçün nəticəyə gətirəcək format axtarır.
“Tramp müharibənin bitməsini istəyir və bunun üçün müəyyən format tapmağa çalışır. O, ‘Macar formatı’nın istədiyi nəticəni verə biləcəyinə inanır”, – Zelenski bildirib.
Dövlət başçısı əlavə edib ki, əgər görüş hərbi əməliyyatlara son qoyarsa, Kiyev də bu mövqeyi dəstəkləyəcək. Eyni zamanda, o, Budapeşt Memorandumunun təkrarlanmasını rədd edib və bunun “mənfi tarixi təcrübə” gətirdiyini vurğulayıb. Zelenski bu mövqeyini ABŞ prezidentinə çatdırdığını da qeyd edib.
Qeyd edək ki, Budapeşt Memorandumu 1994-cü ildə imzalanmış beynəlxalq müqavilədir. Sənədə əsasən, Ukrayna nüvə silahından imtina edib və bunun müqabilində Rusiya, ABŞ və Böyük Britaniya onun təhlükəsizliyi, suverenliyi və ərazi bütövlüyünü təmin ediblər.
Bundan əvvəl Zelenski Rusiya ilə münaqişənin tez bir zamanda dayandırılmasının mümkün olmadığını izah etmişdi.
Gundelik.az

