Biri uğur qazandıqda digəri niyə narahat olur? Paxıllıq, özünəinam çatışmazlığı, yoxsa uğurun ədalətsiz bölüşdürüldüyünə dair gizli inam? Yengəc səbəti sindromu rəqabətin ən səssiz, lakin ən dağıdıcı tərəflərindən birini üzə çıxarır.
“Bir yengəci səbətə qoysanız, o asanlıqla kənara çıxar. Ancaq səbətdə ikinci yengəc olduqda, heç biri çıxa bilmir. Çünki biri yuxarı qalxmağa çalışarkən, digəri onu aşağı çəkir.”
Təbiətdə müşahidə olunan bu davranışın insanlar arasında da rast gəlinməsi təəccüblü deyil. Psixologiyada buna “yengəc səbəti sindromu” deyilir. Yəni kiminsə irəliləməsini, yüksəlməsini və ya uğur qazanmasını qəbul edə bilməmək, əksinə, onu səssiz şəkildə geri çəkməyə çalışmaq.
Bu anlayış ilk dəfə 1987-ci ildə filippinli yazıçı və fəal Ninotçka Roska tərəfindən irəli sürülüb. Lakin psixologiyada onun əhatə dairəsi daha genişdir. Psixiatr Dos. Dr. Ömər Yanartaş bildirir ki, bu sindromun kökündə müxtəlif emosional amillər dayanır.
Müasir dövrün görünməz təzyiqi
Mütəxəssisin sözlərinə görə, yengəc səbəti sindromu yalnız paxıllıqdan deyil, həm də dövrün sürətinə çata bilməmək qorxusundan qaynaqlanır. Başqasının irəliləməsi yerində sayan insanlarda daxili narahatlıq yaradır.
“Yaşadığımız dövr son dərəcə rəqabətlidir. İnsanlar uğur qazanmaq üçün böyük səy göstərirlər. Əgər biri irəli gedirsə, digəri isə geridə qalırsa, daxilində narahatlıq yaranır. Bu hiss sağlam şəkildə idarə olunmadıqda, başqasına qarşı düşmən münasibətə çevrilə bilər.”
Ailədən iş mühitinə qədər gizli sabotaj
Yengəc səbəti sindromu təkcə fərdi münasibətlərdə deyil, iş yerlərində, akademik mühitdə, ailə daxilində və dost çevrəsində də özünü göstərir.
2023-cü ildə aparılmış araşdırmaya əsasən, əməkdaşların 37 faizi peşəkar inkişaflarına mane olan əsas amilin məhz iş yoldaşları olduğunu bildirib. Bu isə problemin təkcə şəxsi deyil, həm də təşkilati səviyyədə mövcud olduğunu göstərir.
Mütəxəssis qeyd edir ki, həyat yoldaşlarından biri daha uğurlu və görünən mövqeyə yüksəldikdə, digəri onu dəstəkləmək əvəzinə müqayisə hissinə qapıla bilər. Bu da münasibətlərə mənfi təsir göstərir. Oxşar vəziyyət bacı-qardaşlar arasında da yaşana bilər.
Paxıllıq təbiidir, amma düzgün idarə olunmalıdır
Psixoloqların fikrincə, paxıllıq və uğursuzluq qorxusu insan üçün təbii hisslərdir. Əsas məsələ həmin duyğuların necə idarə edilməsidir.
Dos. Dr. Ömər Yanartaş deyir:
“İnsan daxilindəki paxıllıq hissini qəbul edib onunla mübarizə aparmasa, bu hiss ona nəzarət etməyə başlayır. Həmin an başqasını aşağı çəkmək insana müvəqqəti rahatlıq versə də, uzunmüddətli perspektivdə həm özünə, həm də ətrafındakılara zərər vurur. Hər kəsin potensialı və uğur qazanma vaxtı fərqlidir. Bunu qəbul edə bilməyən insan öz narahatlığını başqalarına yönəldir.”
Bu baxımdan psixologiyada avtorequlyasiya, yəni emosiyaları sağlam şəkildə idarə etmək bacarığı, həm insanın daxili rahatlığını, həm də münasibətlərini qorumaq üçün böyük əhəmiyyət daşıyır.
Bu dövrəni necə qırmaq olar?
Yengəc səbəti sindromunun öhdəsindən gəlmək mümkündür. Bunun üçün mütəxəssislər aşağıdakı tövsiyələri verirlər:
Paxıllıq hissini gizlətmək əvəzinə onu anlamağa çalışın.
Öz potensialınızı kəşf edin və başqasının uğurunu şəxsi təhdid kimi qəbul etməyin.
Uğuru paylaşa biləcəyiniz bir dəyər kimi görün, birgə inkişafı dəstəkləyin.
Hisslərinizi içinizdə saxlamaq əvəzinə açıq şəkildə ifadə edin.
Uğurun hər kəsə fərqli zamanda və fərqli formada gələ biləcəyini qəbul edin.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

