Gundelik.az Mədəniyyət və cəmiyyət Pomidor tomat pastası beyin funksiyalarına necə təsir edir?
Mədəniyyət və cəmiyyət Xəbərlər

Pomidor tomat pastası beyin funksiyalarına necə təsir edir?

İspaniyada aparılan yeni araşdırma pomidorun tərkibindəki güclü antioksidant likopenin beyin funksiyalarına təsir göstərə biləcəyini ortaya qoyub.

Barselona Universitetinin alimlərinin apardığı klinik tədqiqatda 42 orta yaşlı insan iştirak edib. İştirakçılar 3 ay ərzində hər gün 35 qram tomat pastası qəbul ediblər. Nəticədə onların seçici diqqət göstəricilərində artım, assosiativ yaddaşda isə cüzi yaxşılaşma müşahidə olunub.

14 nəfərlik qrup üzərində aparılan beyin görüntüləmələri isə likopen səviyyəsinin artması ilə beyindəki bəzi böyük şəbəkələrin əlaqələrində dəyişikliklər olduğunu göstərib.

Qanda və beyində likopen artıb

Araşdırmada iştirakçılar 3 ay tomat pastası qəbul etdikdən sonra likopen baxımından zəif qidalanma mərhələsinə keçiblər. Mərhələlər arasında 1 aylıq fasilə verilib.

Qan analizlərində tomat pastası qəbul edilən dövrdə likopen səviyyəsinin əhəmiyyətli dərəcədə artdığı, həmçinin beyin sağlamlığında rol oynayan BDNF zülalında artım meyli olduğu müəyyənləşdirilib.

Tədqiqatçılar bu dəyişikliklərin beynin daha səmərəli işləməsinə və uyğunlaşma qabiliyyətinin yaxşılaşmasına töhfə verə biləcəyini bildiriblər.

Bişmiş pomidorda likopen daha yaxşı mənimsənilir

Mütəxəssislərin fikrincə, pomidorun bişirilməsi hüceyrə divarlarının parçalanmasına və likopenin orqanizm tərəfindən daha asan mənimsənilməsinə kömək edir. Buna görə tomat pastası və bişmiş pomidor çiy pomidorla müqayisədə daha çox mənimsənilə bilən likopen təmin edir.

Alimlər nəticələrin ümidverici olduğunu, lakin tomat pastasının beyində yaratdığı dəyişikliklərin uzunmüddətli olub-olmadığını müəyyənləşdirmək üçün daha geniş araşdırmalara ehtiyac olduğunu vurğulayıblar.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version