Gundelik.az Mədəniyyət və cəmiyyət Dünya bu təhlükəni danışır: Antibiotik dirənci artır
Mədəniyyət və cəmiyyət Xəbərlər

Dünya bu təhlükəni danışır: Antibiotik dirənci artır

Antibiotiklərə davamlı bakteriyaların sürətlə yayılması dünya üzrə ciddi sağlamlıq təhdidinə çevrilib. Xüsusilə xəstəxanalarda və reanimasiya şöbələrində düzgün müalicəyə vaxtında başlanması böyük əhəmiyyət daşıyır.

Mütəxəssislər bildirirlər ki, antibiotiklərin yanlış və lazımsız istifadəsi müqavimətin daha da artmasına səbəb olur. Davamlı infeksiyalar yalnız müalicəni çətinləşdirmir, həm də əməliyyatlar, orqan transplantasiyası və kimyaterapiya kimi tibbi proseslər üçün əlavə risk yaradır.

DOĞRU MÜALİCƏDƏ ZAMAN HƏLLEDİCİDİR

Xəstəxana infeksiyalarında törədici bakteriyanın qısa müddətdə müəyyən edilməsi müalicənin uğuruna birbaşa təsir göstərir. PCR əsaslı sürətli molekulyar diaqnostika üsulları bakteriyanın daha tez müəyyənləşdirilməsinə və uyğun antibiotikin seçilməsinə kömək edir.

Çoxsaylı antibiotiklərə davamlı infeksiyalarda isə yalnız dərman müalicəsi kifayət etmir. İnfeksiya ocağının nəzarətə alınması, lazım gəldikdə drenaj və ya debridman kimi prosedurlar da tətbiq olunur.

Bakteriofaq müalicəsi və süni intellektlə yeni dərmanların hazırlanması istiqamətində araşdırmalar davam etsə də, bu üsullar hələ standart müalicələri tam əvəz etmir.

İNFEKSİYANIN QARŞISINI ALMAQ ƏN VACİB ADDIMLARDANDIR

Antibiotik dirəncinin yayılmasının qarşısını almağın əsas yollarından biri infeksiyaların yaranmasına və xəstəxanalarda yayılmasına imkan verməməkdir. Əl gigiyenası, izolyasiya, mühitin dezinfeksiyası və müntəzəm nəzarət əsas tədbirlər sırasındadır.

Mütəxəssislərə görə, antibiotik dirənci ilə mübarizə yalnız dərmanların düzgün istifadəsi ilə məhdudlaşmamalıdır. Sürətli diaqnostikanın inkişafı, yeni müalicə üsullarının araşdırılması və insan, heyvan və ətraf mühit sağlamlığını birlikdə nəzərə alan “Bir Sağlamlıq” (One Health) yanaşması da vacibdir.

 

Mənbə:CNN Türk

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version