ABŞ administrasiyası Kanadanın Amerika məhsullarına qarşı “ayrı-seçkilik xarakterli” ticarət siyasəti həyata keçirdiyini əsas gətirərək, bu ölkədən idxal edilən bəzi mallara 50 faiz əlavə gömrük rüsumu tətbiq ediləcəyini açıqlayıb.
Ağ Evin yaydığı məlumata görə, ABŞ Prezidenti Donald Tramp 1930-cu il Tarif Qanununun 338-ci maddəsinə əsasən Kanada mənşəli müəyyən məhsullara 50 faiz əlavə gömrük rüsumunun tətbiqini nəzərdə tutan üç ayrı prezident fərmanı imzalayıb.
Bildirilib ki, məqsəd Kanadanın ABŞ ticarətinə qarşı tətbiq etdiyi “ayrı-seçkilik xarakterli” tədbirlərdən yaranan mənfi təsirləri aradan qaldırmaq və avtomobil, alkoqollu içkilər, süd məhsulları kimi mühüm Amerika ixrac məhsulları üçün bərabər rəqabət şəraiti yaratmaqdır.
Yeni qərar müxtəlif məhsul qruplarını əhatə edir. Bu məhsullar arasında şərab, hokkey çubuqları, sement və digər mallar yer alır.
Ağ Ev qeyd edib ki, sözügedən tarif məhsulların ABŞ–Meksika–Kanada Sazişi (USMCA) çərçivəsinə daxil olub-olmamasından asılı olmayaraq, müəyyən edilmiş bütün məhsullara şamil ediləcək.
Bununla yanaşı, enerji məhsulları, potaş (kalium gübrəsi), ABŞ Ticarətinin Genişləndirilməsi Aktının 232-ci maddəsi çərçivəsində artıq tarif tətbiq olunan məhsullar, həmçinin balıq və kritik minerallar yeni rüsumdan azad olunacaq.
Tarif avqustun 19-dan qüvvəyə minəcək
Açıqlamaya əsasən, yeni gömrük rüsumu prezident fərmanlarının imzalanmasından 30 gün sonra – 19 avqust tarixində qüvvəyə minəcək.
Ağ Ev qərarın səbəbləri sırasında Kanadanın ABŞ-dan idxal olunan avtomobillərə kvota və tariflər tətbiq etməsini, digər ölkələrdən gətirilən avtomobillərə isə eyni məhdudiyyətləri tətbiq etməməsini göstərib.
Məlumata görə, 2025-ci ilin aprelindən 2026-cı ilin martınadək Kanada tərəfindən ABŞ-dan idxal edilən motorlu nəqliyyat vasitələrinin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə təxminən 22 faiz azalıb.
Həmçinin bildirilib ki, Kanadanın əksər əyalət və bölgələri ABŞ istehsalı olan alkoqollu içkilərin alınmasını, paylanmasını və pərakəndə satışını dayandırıb. Nəticədə 2025-ci ilin martından 2026-cı ilin fevralınadək ABŞ-dan Kanadaya alkoqollu içki idxalı illik müqayisədə 81 faiz azalıb.
Ağ Ev əlavə edib ki, Kanadanın “mürəkkəb və proteksionist” hesab edilən süd məhsulları sistemi də yeni gömrük rüsumunun tətbiq edilməsinin əsas səbəblərindən biridir.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

