Avqust 28, 2026
Baku
Mədəniyyət və cəmiyyət Xəbərlər

Yeməkdən sonra yaranan şişkinliyə diqqət: Bir aydan çox davam edirsə, səbəbi araşdırılmalıdır

Qarında şişkinlik və qaz problemi çox vaxt qidalanma ilə əlaqəli olsa da, uzun müddət davam edən şikayətlər müxtəlif xəstəliklərin əlaməti ola bilər. Xüsusilə şişkinlik həftənin yarısından çoxunda müşahidə olunur və bir aydan artıq davam edirsə, həkim müayinəsi vacibdir.

Ağır yeməklər, həddindən artıq karbohidrat qəbulu, qidanı sürətlə yemək, yaxşı çeynəməmək və qazlı içkilər  müvəqqəti qaz və şişkinliyə səbəb olur. Bu şikayətlər adətən həzm başa çatdıqdan sonra azalır. Lakin davamlı və təkrarlanan şişkinlik başqa səbəblərlə bağlı olur.

Hansı xəstəliklərin əlaməti ola bilər?

Uzunmüddətli şişkinlik qıcıqlanmış bağırsaq sindromu (QBS), SİBO, çölyak xəstəliyi, qlüten həssaslığı və mədə-bağırsaq xoraları ilə əlaqəli olur.

Bundan əlavə, problem yalnız mədə və bağırsaqlardan qaynaqlanmaya bilər. Öd kisəsi, qaraciyər və mədəaltı vəzi xəstəlikləri də şişkinlik, qaz və həzmsizliyə səbəb olur. Məsələn, öd kisəsində daş və ya çöküntü xüsusilə yağlı və ağır yeməklərdən sonra şişkinlik və ağrı yaradır.

Bu əlamətlər varsa, gecikməyin

Şişkinliklə yanaşı səbəbsiz çəki itkisi, təkrarlanan qusma və gecə yuxudan oyadan qarın ağrısı müşahidə olunursa, vaxt itirmədən həkimə müraciət edilməlidir.

Diaqnoz üçün əvvəlcə ətraflı tibbi tarixçə və fiziki müayinə aparılır. Lazım gəldikdə SİBO və laktoza dözümsüzlüyünü müəyyənləşdirmək üçün nəfəs testlərindən istifadə edilir.

Mütəxəssislər şişkinliyi aradan qaldırmaq üçün həkim məsləhəti olmadan işlədici dərmanlar, həzm fermentləri və müxtəlif “detoks” məhsullarından istifadə etməməyi tövsiyə edirlər. Bu vasitələr şikayətləri müvəqqəti azaltsa da, əsas xəstəliyin aşkarlanmasını gecikdirir.

Bir aydan çox davam edən və tez-tez təkrarlanan şişkinlik sadə həzm problemi kimi qəbul edilməməlidir.

 

Mənbə:CNN Türk

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az