Yay aylarında havaların isinməsi ilə orqanizmin mayeyə ehtiyacı artır. Tərləmə nəticəsində itirilən su və mineralların bərpası sağlamlıq üçün böyük əhəmiyyət daşıyır. Mütəxəssislər bildirirlər ki, qazlı içkilər, enerji içkiləri, həddindən artıq şəkərli meyvə şirələri və yüksək kofeinli içkilər susuzluğu artırmaqla yanaşı, çəki artımı, qan şəkərinin dalğalanması, ürəkdöyünmə və təzyiq problemlərinə səbəb olur.
Qidalanma və pəhriz mütəxəssisi Sevihan Akbulut Azal yay aylarında ən sağlam içkinin su olduğunu vurğulayır və aşağıdakı içkiləri tövsiyə edir:
1. Ətirli (aromatik) su
Gündə təxminən 2,5 litr su içmək tövsiyə olunur.
Suyu daha rahat içmək üçün içinə təzə nanə, limon, xiyar, yaşıl alma dilimləri və ya darçın çubuğu əlavə etmək olar.
Bu üsul şəkər əlavə etmədən su qəbulunu artırmağa kömək edir.
2. Ayran
Orqanizmin maye ehtiyacını ödəyir.
Protein, kalsium və elektrolitlərlə zəngindir.
Tərləmə zamanı itirilən natriumun bərpasına kömək edir.
Təzə nanə və ya reyhan əlavə edilərsə daha sərinləşdirici olur.
3. Kefir
Tərkibindəki probiotiklər bağırsaq sağlamlığını dəstəkləyir.
Protein və kalsium mənbəyidir.
Şəkər əlavə olunmuş meyvəli kefirlər əvəzinə sadə kefir seçilməlidir.
Darçın və ya təzə meyvələrlə birlikdə istehlak edilə bilər.
4. Soyuq yaşıl çay
Güclü antioksidant mənbəyidir.
Maddələr mübadiləsini dəstəkləyir.
Şəkərsiz hazırlandıqda kalorisizdir.
Tərkibində kofein olduğuna görə hamilələr, yüksək təzyiqi olanlar və kofeinə həssas şəxslər gündə 2 fincandan artıq içməməlidirlər.
5. Yaşıl smuzi
Xiyar, yaşıl alma, kivi və cəfəri ilə hazırlanır.
C, K vitaminləri, fol turşusu, kalium və antioksidantlarla zəngindir.
Yüksək lif tərkibi sayəsində toxluq hissi yaradır.
Böyrək xəstələri və kalium məhdudiyyəti olanlar həkimlə məsləhətləşməlidirlər.
6. Təzə nanəli limonad
C vitamini ilə zəngindir.
İmmuniteti dəstəkləyir və sərinlik hissi yaradır.
Şəkər az əlavə edilməlidir.
Mədə həssaslığı və reflüsü olanlar həddindən artıq istifadə etməməlidirlər.
7. Buzlu latte (Ice Latte)
Espresso və süddən hazırlanır.
Şəkərsiz olduqda artıq kalori qəbuluna səbəb olmur.
Protein və kalsium mənbəyidir.
Həddindən artıq kofein ürəkdöyünmə, yuxusuzluq və narahatlıq yaradır.
Laktoza dözümsüzlüyü olanlar laktozsuz və ya bitki mənşəli süddən istifadə edə bilərlər.
8. Hindqozu suyu
Təbii elektrolit və kalium mənbəyidir.
İdman edənlər və çox tərləyənlər üçün faydalıdır.
Böyrək xəstələri yüksək kalium tərkibinə görə ehtiyatla istifadə etməlidirlər.
9. Qarpız smuzisi
Qarpızın 90 faizdən çoxu sudan ibarətdir.
A və C vitaminləri, kalium və likopenlə zəngindir.
İsti günlərdə həm susuzluğu aradan qaldırır, həm də şirniyyat istəyini təbii şəkildə azaldır.
Gündə 1 kiçik stəkan kifayətdir.
Şəkərli diabeti olanlar porsiyaya diqqət etməlidirlər.
Süd və ya qatıq əlavə etmək qan şəkərinin sürətlə yüksəlməsinin qarşısını almağa kömək edir.
10. Mineral su
Kalsium, maqnezium və bikarbonat kimi minerallarla zəngindir.
Tərləmə nəticəsində itirilən mineralların bərpasına kömək edir.
Gündə 1–2 şüşədən artıq içilməsi tövsiyə olunmur.
Həddindən artıq istifadəsi köp, qaz və mineral balansının pozulmasına səbəb olur.
Ətirli və qatqılı məhsullar əvəzinə sadə mineral su seçilməlidir.
Yüksək təzyiqi, böyrək xəstəliyi və ya natrium məhdudiyyəti olan şəxslər istifadə etməzdən əvvəl həkimlə məsləhətləşməlidirlər.
Mənbə:CNN Türk
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
