Avqust 26, 2026
Baku
Mədəniyyət və cəmiyyət Xəbərlər

7 sualda insultla bağlı əsas məqamlar

Xalq arasında “iflic” kimi tanınan insult beynin qan təchizatının qəfil pozulması nəticəsində yaranan ciddi sağlamlıq problemidir. İnsult hər yaşda baş verə bilər, lakin yaş artdıqca risk yüksəlir.

1. İnsult necə yaranır?

İnsult beyni qidalandıran damarlardan birinin tutulması və ya beyin damarının partlaması nəticəsində baş verir. Birinci hal işemik, ikinci isə hemorragik insult adlanır. Qan axınının dayanması beyin hüceyrələrinin oksigensiz qalmasına və qısa müddətdə zədələnməsinə səbəb olur.

2. Əsas əlamətləri hansılardır?

Ən çox rast gəlinən əlamət bədənin bir tərəfində qəfil yaranan gücsüzlükdür. Bundan əlavə, danışıq pozğunluğu, ağızın bir tərəfə əyilməsi, hissiyat itkisi, görmə problemləri, başgicəllənmə, yerimə və tarazlıq çətinliyi, ürəkbulanma və şüur dəyişiklikləri də müşahidə olunur.

3. Kimlər daha çox risk altındadır?

İnsult riski yaşla artır. Kişilərdə daha çox rast gəlinsə də, qadınlarda menopauzadan sonra risk yüksəlir.

4. Hansı amillər riski artırır?

Yüksək qan təzyiqi insult üçün əsas risk faktorlarından biridir və riski 4-5 dəfə artırır. Yüksək qan şəkəri və xolesterin, ürək xəstəlikləri, xüsusilə də qulaqcıqların fibrilyasiyası da risk yaradır.

5. İnsultdan necə qorunmaq olar?

Siqaretdən və alkoqoldan uzaq durmaq, müntəzəm fiziki aktivlik, sağlam qidalanma və çəkinin nəzarətdə saxlanılması vacibdir. Duzlu, yağlı və şəkərli qidaların məhdudlaşdırılması, xüsusilə Aralıq dənizi tipli qidalanmaya üstünlük verilməsi tövsiyə olunur.

6. İnsult zamanı ilk müdaxilə necə olmalıdır?

İnsult əlamətləri yaranan kimi xəstə təcili şəkildə insult mərkəzinə çatdırılmalıdır. Müalicənin ilk saatlarda başlanması həyati əhəmiyyət daşıyır. Uyğun xəstələrdə damardan laxtanı əridən müalicə tətbiq olunur, bəzi hallarda isə angioqrafiya yolu ilə laxta çıxarılır. Vaxtın itirilməsi beyin zədələnməsini artırır.

7. İnsultdan sonra reabilitasiya necə aparılır?

Xəstənin vəziyyəti stabilləşdikdən sonra mümkün qədər erkən fiziki müalicəyə başlanır. Əzələ zəifliyindən asılı olaraq passiv və aktiv hərəkətlər tətbiq edilir. Bundan başqa, ehtiyac olduqda udma və nitq terapiyasına da başlanılır. Müntəzəm reabilitasiya funksiyaların bərpasına kömək edir.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az