Yay aylarında günəş, dəniz və hovuzun zövqünü çıxarmaq qaçılmazdır. Lakin dermatoloqlar xəbərdarlıq edirlər ki, fərqinə varmadan edilən bəzi səhvlər dəri və saç sağlamlığında qalıcı fəsadlara səbəb olur. Prof. Dr. İlteriş Oğuz yay mövsümündə dəri və saç sağlamlığını qorumaq üçün diqqət edilməli olan 7 əsas vərdişi açıqlayıb.
Ultrabənövşəyi (UV) şüalar qısa müddətdə günəş yanığı və qızartıya, uzun müddətdə isə dəri ləkələri, qırışlar və dəri xərçəngi riskinin artmasına səbəb olur. Buna görə də günəşdən qorunmaq təkcə estetik deyil, həm də sağlamlıq baxımından həyati əhəmiyyət daşıyır.
1. Günəş kremindən istifadə etməmək
Yay aylarında ən azı SPF 30, üstünlük verilərsə SPF 50 qoruma faktorlu, həm UVA, həm də UVB şüalarına qarşı təsirli günəş kremlərindən istifadə edilməlidir. Krem hər 2–3 saatdan bir yenilənməlidir. Sızanağa meyilli, həssas və ya ləkəli dəri üçün xüsusi tərkibli məhsullar, uşaqlar, hamilələr və rozasea xəstələri üçün isə mineral filtrlı kremlər tövsiyə olunur.
2. Antioksidant dəstəyi almamaq
Günəş şüaları dəridə sərbəst radikalların yaranmasını artırır. Tərkibində C vitamini və ferulik turşusu olan antioksidant serumlar dərini ətraf mühitin zərərli təsirlərindən qorumağa kömək edir.
3. Ağır makiyajdan istifadə etmək
İsti və rütubətli havalarda məsamələr daha tez tutulur. Buna görə ağır makiyajdan uzaq durmaq, dərini səhər və axşam yumşaq təmizləyicilərlə təmizləmək və qıcıqlandırmayan məhsullardan istifadə etmək tövsiyə edilir.
4. Dərini kifayət qədər nəmləndirməmək
Tərkibində hialuron turşusu, seramid və qliserin olan, yağsız nəmləndiricilər yay aylarında dərinin nəm balansını qorumağa kömək edir. Gün ərzində kifayət qədər su içmək də dərinin nəmliliyini dəstəkləyir.
5. Dəriyə uyğun olmayan qulluq məhsulları seçmək
Yay mövsümündə dəri ehtiyacları dəyişir. Buna görə istifadə olunan qulluq vasitələrinin mövsümə və dəri tipinə uyğun olması vacibdir. Gecə saatlarında dəri yenilənsə də, bu, həddindən artıq çox məhsul istifadə etmək demək deyil.
6. Dəniz və hovuzdan sonra saçları yumamaq
Duzlu dəniz suyu və hovuzdakı xlor saç tellərinin qurumasına, parlaqlığını itirməsinə və qırılmasına səbəb olur. Buna görə saçlar mütləq təmiz su ilə yaxalanmalı, mütəmadi olaraq saç maskaları və qulluq kremlərindən istifadə edilməlidir.
7. Saçları həmişə sıx toplamaq
Saçların davamlı olaraq bərk bağlanması saç köklərində gərginlik yaradır. Yay aylarında saçları açıq saxlamaq və ya boş yığılmış saç modellərinə üstünlük vermək daha faydalıdır. UV filtrli saç spreyləri də əlavə qoruma təmin edir.
Prof. Dr. İlteriş Oğuzun sözlərinə görə, yayın dadını çıxararkən dəri və saç sağlamlığını qorumaq üçün sadə, lakin təsirli tədbirlər görmək həm qısamüddətli problemlərin, həm də gələcəkdə yarana biləcək qalıcı zədələrin qarşısını almağa kömək edir.
Mənbə:CNN Türk
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
