Telefonu sadəcə masanın üzərində saxlamağın zehni performansı orta hesabla 20%-ə qədər azalda biləcəyini bilirdinizmi? Beynəlxalq araşdırmalar göstərir ki, bu kiçik, lakin güclü cihazlar fərqinə varmadan diqqətimizi yayındırır.
Hər gün əlimizin altında olan smartfonlar xəbərləri oxumaq, sosial şəbəkələrə baxmaq və mesajlara cavab vermək üçün gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Lakin tədqiqatlar göstərir ki, telefonun sadəcə masanın üstündə olması belə zehni məhsuldarlığı azaldır. Hətta cihaz səssiz rejimdə olsa belə, “görəsən, bildiriş gəlib?” düşüncəsi beynin diqqətini yayındırır.
Zehni sızma nədir?
Alimlər telefonun əlimizdə və ya yaxınlığımızda olmasının yaratdığı diqqət itkisini “zehni sızma” adlandırırlar. Çünki telefona baxmasaq belə, beyin hər an bildiriş ala biləcəyimizi düşünərək tam diqqət toplamaqda çətinlik çəkir.
Bu vəziyyəti tam bağlanmayan su kranına bənzətmək olar. Damcı-damcı axan su əvvəlcə əhəmiyyətsiz görünsə də, zamanla böyük itkiyə səbəb olur.
Araşdırmalar göstərir ki, telefonu yaxınlıqda saxlamaq idrak performansını orta hesabla 20%-ə qədər azaldır. Xüsusilə imtahan zamanı telefonu masanın üzərində olan tələbələrin, telefonu başqa otaqda saxlayanlarla müqayisədə daha aşağı nəticə göstərdiyi müəyyən edilib. Avropada aparılan başqa bir araşdırmada isə telefonunu görmədiyi yerdə saxlayan ofis işçilərinin diqqət müddətinin daha uzun olduğu qeyd olunub.
Niyə telefonu yanımızda saxlayırıq?
Telefonun bildiriş səsi və ya titrəməsi diqqəti yayındıran əsas amillərdəndir. Lakin cihaz səssiz rejimdə olsa belə, beyin mümkün bildirişi gözlədiyi üçün daim ayıq vəziyyətdə qalır. Mütəxəssislər bildirirlər ki, bu bölünmüş diqqət yalnız həmin an deyil, bütün gün ərzində məhsuldarlığın azalmasına səbəb olur.
Bununla belə, bir çox insan vacib zəng, mesaj və ya e-poçtu qaçırmamaq üçün telefonu yanından uzaqlaşdırmaq istəmir. Xüsusilə iş mühitində hər an əlçatan olmaq gözləntisi bu vərdişi daha da gücləndirir.
Telefonu gözdən uzaq saxlamaq üçün tövsiyələr
Çəkməcə üsulu: Telefonu qapalı çəkməcədə və ya qutuda saxlamaq ona tez-tez baxmaq istəyini azaldır.
Vaxt blokları yaratmaq: Gün ərzində müəyyən vaxtları “telefonsuz” saatlar kimi planlaşdırmaq diqqətin qorunmasına kömək edir.
Bildirişləri idarə etmək: Təcili olmayan tətbiqlərin bildirişlərini söndürmək beynin daimi gərginliyini azaldır.
Fiziki məsafə yaratmaq: Dərin diqqət tələb edən iş və ya vacib görüş zamanı telefonu başqa otaqda saxlamaq konsentrasiyanı artırır.
Kiçik görünən bir məsafə belə diqqət və məhsuldarlıq baxımından böyük fərq yaradır. Telefonu gözdən uzaq saxlamaq daha yaxşı fokuslanmağa və zehni yorğunluğu azaltmağa kömək edir.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

