Gundelik.az Siyasət Sahibə Qafarova: “Rəqəmsal idarəetmə müasir parlament institutlarının əsas sütunlarından birinə çevrilib”
Siyasət Xəbərlər

Sahibə Qafarova: “Rəqəmsal idarəetmə müasir parlament institutlarının əsas sütunlarından birinə çevrilib”

“Rəqəmsal transformasiya artıq sadəcə texnoloji proses deyil. O, müasir idarəetmənin, dayanıqlı inkişafın və səmərəli dövlət xidmətlərinin göstərilməsinin əsas elementinə çevrilib”.

Gundelik.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqın “Parlamentarilərin Rəqəmsal İdarəetmə üzrə Dialoqu” mövzusunda keçirilən yüksəksəviyyəli dialoqda çıxışı zamanı deyib.

O bildirib ki, rəqəmsal idarəetmə mövzusu beynəlxalq ictimaiyyət üçün getdikcə daha böyük əhəmiyyət kəsb edir:

“Rəqəmsal idarəetmə müasir parlament institutlarının əsas sütunlarından birinə çevrilib. Rəqəmsal texnologiyalardan istifadə etməklə parlamentlər şəffaflığı artıra, qanunvericilik fəaliyyətinin səmərəliliyini yüksəldə, ictimai iştirakçılığı gücləndirə və bütün maraqlı tərəflər arasında inklüziv dialoqu təşviq edə bilərlər. Rəqəmsal transformasiya, eyni zamanda, parlamentlərarası əməkdaşlığın inkişafı, bilik və qabaqcıl təcrübə mübadiləsinin sərhədlərdən kənarda genişləndirilməsi üçün yeni imkanlar yaradır”.

“Rəqəmsal texnologiyalar demokratik idarəetməni dəstəkləyən mühüm vasitə kimi çıxış etməli, dövlət institutlarına ictimai etimadı möhkəmləndirməli, açıq, şəffaf və vətəndaşların ehtiyaclarına həssas parlament dialoqunun inkişafına xidmət etməlidir. Beynəlxalq əməkdaşlığın gücləndirilməsi və potensialın artırılması istiqamətində birgə səylər rəqəmsal idarəetmənin dayanıqlı inkişafa, demokratik dayanıqlığın möhkəmləndirilməsinə və səmərəli parlament institutlarının formalaşmasına töhfə verməsinin əsas təminatlarından olacaq”, – spiker vurğulayıb.

Exit mobile version