Gundelik.az Mədəniyyət və cəmiyyət Yetkin insanlardakı diqqət dağınıqlığıdır, yoxsa uşaqlıqdan davam edən pozuntu?
Mədəniyyət və cəmiyyət Xəbərlər

Yetkin insanlardakı diqqət dağınıqlığıdır, yoxsa uşaqlıqdan davam edən pozuntu?

Diqqət çatışmazlığı və hiperaktivlik pozuntusu(DÇHP) adətən uşaqlıq dövrünə aid hesab olunsa da, elmi araşdırmalar bu vəziyyətin yetkinlik dövründə də davam edə biləcəyini göstərir. Məlumatlara görə, uşaqlıqda DÇHP diaqnozu qoyulan şəxslərin təxminən 60 faizində əlamətlər sonrakı yaşlarda da qalır. 2024-cü ildə dərc olunan araşdırmaya əsasən isə hər 25 yetkindən biri DÇHP əlamətləri göstərir.

Mütəxəssislərin sözlərinə görə, yetkinlərdə DÇHP özünü diqqəti cəmləməkdə çətinlik, işləri tez-tez yarımçıq qoymaq, vaxtı düzgün planlaşdıra bilməmək, unutqanlıq, səbirsizlik, impulsiv davranışlar və motivasiyanın tez itməsi ilə göstərir. Bu şəxslər çox vaxt bir neçə işə başlasalar da, onları sona çatdırmaqda çətinlik çəkirlər. Kitab oxumaq, film izləmək və ya uzun müddət diqqət tələb edən fəaliyyətlər də onlar üçün çətin olur.

DÇHP yalnız diqqət problemi ilə məhdudlaşmır. Bu pozuntu tez-tez aşağı özünəinam, uğursuzluq hissi, depressiya, narahatlıq pozuntuları və sosial münasibətlərdə çətinliklərlə müşayiət olunur. Uzun illər diaqnoz almadan yaşayan insanlar özlərini bacarıqsız və uğursuz hesab edə bilirlər ki, bu da həm peşə, həm də şəxsi həyatlarına mənfi təsir göstərir.

Psixiatrlar vurğulayırlar ki, DÇHP diaqnozu internet testləri, diqqət testləri və ya MRT müayinəsi ilə qoyulmur. Dəqiq diaqnoz yalnız təcrübəli psixiatrın ətraflı müayinəsi, şəxsin uşaqlıq dövründən bəri olan əlamətlərinin və həyat tarixçəsinin qiymətləndirilməsi əsasında müəyyən edilir.

Müalicə mümkündür. Əsas müalicə üsulu həkim tərəfindən təyin olunan dərman terapiyası olsa da, psixoloji dəstək, vaxtın idarə edilməsi, planlaşdırma bacarıqlarının inkişaf etdirilməsi və davranış terapiyası da müalicənin mühüm hissəsini təşkil edir. Yüngül hallarda psixoloji dəstək kifayət edə bilər, orta və ağır hallarda isə dərman müalicəsi daha effektiv nəticə verir.

Mütəxəssislər bildirirlər ki, əgər diqqət çatışmazlığı, unutqanlıq, işləri davam etdirə bilməmək və ya impulsiv davranışlar gündəlik həyata, iş fəaliyyətinə və şəxsi münasibətlərə ciddi təsir göstərirsə, mütləq psixiatr müayinəsinə müraciət etmək lazımdır. Vaxtında qoyulan diaqnoz və düzgün müalicə insanların daha məhsuldar, balanslı və keyfiyyətli həyat sürməsinə kömək edir.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version