Türkiyədə yaşıl tutuquşuların sayı son illərdə nəzərəçarpacaq dərəcədə artıb. Hazırda onlar ölkənin 30 vilayətində müşahidə olunub, 7 vilayətdə isə çoxaldıqları təsdiqlənib. Görünüşləri və insanlara tez öyrəşmələri ilə rəğbət qazansalar da, mütəxəssislər onların yerli ekosistem üçün risk yarada biləcəyini bildirirlər. Bu səbəbdən Türkiyənin Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyi növü yaxından izləyir.
Yaşıl tutuquşuların vətəni əsasən Hindistan, Asiya və Afrikadır. Onlar uzun illər qəfəs quşu kimi saxlanılıb və ticarəti aparılıb. Rəsmi məlumatlara görə, Türkiyəyə ilk dəfə 1991-ci ildə gətirilsələr də, ilk müşahidə 1975-ci ildə Ankarada qeydə alınıb. Hazırda isə İstanbul, Ankara, İzmir, Antalya və digər şəhərlərin parklarında, bağlarında, hətta yaşayış məhəllələrində rast gəlinirlər.
Mütəxəssislərin fikrincə, bu quşların təbiətə yayılmasının əsas səbəbi insanlar tərəfindən sərbəst buraxılmalarıdır. Onların yük maşınından qaçması və ya hava limanında qəfəslərdən çıxması ilə bağlı iddialar olsa da, ən geniş qəbul edilən versiya evdə saxlanılan tutuquşuların sonradan təbiətə buraxılmasıdır.
Araşdırmalar göstərir ki, yaşıl tutuquşuların çoxu yalnız müşahidə edilsə də, Ankara, Antalya, İstanbul, İzmir, Eskişehir, Yalova və Şanlıurfada çoxaldıqları təsdiqlənib.
Mütəxəssislər bildirirlər ki, yaşıl tutuquşular hazırda əsasən insanların dəyişdirdiyi şəhər parklarında yaşayırlar. Yerli növlərlə genetik qarışma ehtimalı aşağı olsa da, ağac oyuqlarında yuva quran quşlarla, xüsusilə sığırcıq və kiçik qarğa kimi növlərlə yuva uğrunda rəqabət aparırlar. Bundan başqa, qarğalar, sincablar və qağayılarla müdafiə və hücum xarakterli qarşıdurmalar da müşahidə olunur.
Məhz buna görə də yaşıl tutuquşular invaziv növ hesab edilir. Yəni onlar təbii yayılma arealından kənarda məskunlaşaraq yerli canlı növlərinə və ekosistemə mənfi təsir göstərirlər.
Türkiyədə 2019–2022-ci illərdə həyata keçirilən TERIAS layihəsi çərçivəsində yaşıl tutuquşular invaziv növlərdən biri kimi araşdırılıb. 2022-ci ildən etibarən isə onların populyasiyasının böyüklüyü və yerli növlərə təsiri ilə bağlı monitorinq davam etdirilir. Alimlər hesab edirlər ki, bu quşların yayılmasının qarşısını almağın ən vacib yolu insanların ev heyvanlarını təbiətə buraxmaması və bu barədə maarifləndirilməsidir.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

