Məktəbəqədər təhsil uşağın gələcəyini necə formalaşdırır? – Firəngiz Polatxanovadan AÇIQLAMA
Uşağın gələcək həyatında uğur qazanmasının əsas şərtlərindən biri erkən yaşlardan düzgün təhsil və tərbiyə mühitində formalaşmasıdır. Xüsusilə məktəbəqədər dövr uşağın intellektual, sosial və emosional inkişafında mühüm rol oynayır. Bu mərhələdə qazanılan ilkin biliklər, formalaşan davranış modelləri və sosial bacarıqlar onun gələcək təhsil həyatının təməlini təşkil edir.
Müasir dövrdə məktəbəqədər təhsilin qarşısında duran əsas vəzifə uşaqları yalnız məktəbə hazırlamaq deyil, həm də onların fərdi potensialını üzə çıxarmaq, müstəqil düşünmə və ünsiyyət bacarıqlarını inkişaf etdirməkdir. Bəs keyfiyyətli uşaq bağçası mühiti necə qurulmalıdır? Erkən yaşlarda uşaqların inkişafı üçün hansı amillər nəzərə alınmalıdır?
Bu və digər məsələlərlə bağlı 2003-cü ildən pedaqoji fəaliyyət göstərən GoodLuck Tədris Mərkəzinin təsisçisi, Umbrella Uşaq Bağçasının müdiri Firəngiz Polatxanova Gundelik.az-a açıqlama verib.
Firəngiz Polatxanova məktəbəqədər təhsilin uşağın şəxsiyyət kimi formalaşmasındakı rolundan, müasir təlim-tərbiyə metodlarından, oyun əsaslı öyrənmənin əhəmiyyətindən və valideyn-pedaqoq əməkdaşlığının vacibliyindən danışıb.
Onun sözlərinə görə, məktəbəqədər yaş dövründə uşaqların öyrənmə prosesinə marağının artırılması və fərdi xüsusiyyətlərinin nəzərə alınması xüsusi əhəmiyyət daşıyır:
“Məktəbəqədər təhsil uşağın gələcək inkişafının və uğurlarının təməlidir. Bu mərhələdə əsas məqsədimiz uşaqlara yalnız hərfləri, rəqəmləri və ilkin bilikləri öyrətmək deyil, onların şəxsiyyət kimi formalaşmasına, müstəqil düşünmə, ünsiyyət və sosiallaşma bacarıqlarının inkişafına dəstək olmaqdır.
Uşaqlar dünyanı oyun, müşahidə və təcrübə vasitəsilə kəşf edirlər. Buna görə də müasir uşaq bağçasında təlim prosesi maraqlı, yaradıcı və uşaqların yaş xüsusiyyətlərinə uyğun qurulmalıdır. Hər bir uşağın fərdi qabiliyyəti, marağı və inkişaf tempi nəzərə alınmalıdır”.
Pedaqoqun fikrincə, uşağın məktəbə hazırlığı yalnız hərfləri tanıması, oxuması və yazması ilə ölçülməməlidir. Bu prosesdə psixoloji hazırlıq, sosial münasibətlər qurmaq, kollektivə uyğunlaşmaq və müstəqil qərarlar vermək bacarıqları da mühüm əhəmiyyət daşıyır.
“Uşaq məktəbə psixoloji, sosial və emosional baxımdan da hazır olmalıdır. Bu prosesdə valideynlərlə pedaqoqların birgə fəaliyyəti xüsusi əhəmiyyət daşıyır.
2003-cü ildən pedaqoji sahədə qazandığım təcrübə mənə bir həqiqəti göstərib: uşağın gələcəyinə qoyulan ən böyük sərmayə onun düzgün tərbiyəsi, keyfiyyətli təhsili və sağlam inkişaf mühitidir”, – deyə Firəngiz Polatxanova qeyd edib.
Nuri
Gundelik.az