“Kainat gözəli” 100 kiloqram çəkidə olub – Arıqlama sirrini açıqladı
Beynəlxalq “Kainat gözəli” müsabiqəsində dünyanın ən gözəl qızı seçilən Puerto-Rikolu 27 yaşlı Cennifer Barreto cəmi bir il ərzində 30 kiloqramdan çox arıqlayıb. O, artıq çəkidən xilas olmasının sirrini açıqlayıb.
Gündəlik.az xəbər verir ki, bu barədə Puerto-Rikonun “El Nuevo Dia” qəzeti onun müsahibəsindən bir hissə yayımlayıb.
Nəşrin məlumatına görə, “Kainat gözəli” müsabiqəsinin qalibi hazırkı çəkisini ictimaiyyətə açıqlamır. Lakin “El Heraldo” nəşri onun boyu və bədən kütləsi indeksinə əsaslanaraq hazırda 66-73 kiloqram arasında çəkisi olduğunu ehtimal edir. Bu isə arıqlamadan əvvəl çəkisinin ən azı 100 kiloqram olduğunu göstərir.
Barretonun sözlərinə görə, artıq çəkidən xilas olmaq üçün səbirli olmaq vacibdir.
“Bu prosesə bir il sərf etdim. Hər şey bir gecədə baş vermədi”, – deyə o bildirib.
Gözəllik müsabiqəsinin qalibi arıqlamaq üçün mütəmadi idman etdiyini, sevdiyi yeməklərdən tamamilə imtina etmədiyini və əsasən hinduşka qiyməsi ilə şirin kartof (batat) qəbul etdiyini söyləyib.
O, artıq şirin kartofu görmək belə istəmədiyini etiraf edib.
“Mən sevdiyim yeməkləri özümə qadağan etməməyə çalışırdım. Bu, mənim üçün cəza deyil, intizam və özümü rahat hiss etdiyim vəziyyətə çatmaq üsulu idi. Çünki mənim üçün ən vacib məsələ qadınların özlərini olduqları kimi rahat və xoşbəxt hiss etmələridir”, – deyə Barreto vurğulayıb.
Qeyd edək ki, “Kainat gözəli” beynəlxalq müsabiqəsində dünyanın 115 ölkəsindən olan iştirakçılar mübarizə aparıblar. Rusiyanı yarışmada 21 yaşlı Aleksandra Staşkeviç təmsil edib və yarımfinal mərhələsinə yüksəlməyi bacarıb.
Nuri
Gundelik.az