Xərçəng kök hüceyrələri müalicəyə necə təsir edir? – Yadigar Gənc izah etdi
Xərçəng xəstəliklərinin müalicəsində əsas problemlərdən biri şiş hüceyrələrinin bir qisminin müalicəyə davamlılıq göstərməsi və müəyyən müddətdən sonra xəstəliyin yenidən meydana çıxmasıdır. Son illərdə alimlərin diqqətini xüsusilə xərçəng kök hüceyrələri cəlb edir. Özünü yeniləmək və yeni şiş hüceyrələri yaratmaq qabiliyyətinə malik bu hüceyrələr xərçəngin inkişafı, metastaz və müalicədən sonra təkrarlanma proseslərində mühüm rol oynaya bilər.
Mövzu ilə bağlı Gundelik.az-a danışan Almaniyada fəaliyyət göstərən türkiyəli həkim Dr. Yadigar Gənc xərçəng kök hüceyrələrinin xüsusiyyətləri, onların müalicəyə davamlılığı və müasir tibbdə fərdi yanaşmanın əhəmiyyəti barədə fikirlərini bölüşüb.
Həkim bildirib ki, xərçənglə mübarizədə yalnız şişin ölçüsünə və görünən hüceyrələrə diqqət yetirmək kifayət deyil:
“Xərçəng kök hüceyrələri şiş toxumasının daxilində özünü yeniləmək və yeni xərçəng hüceyrələri yaratmaq qabiliyyətinə malik xüsusi hüceyrələrdir. Onların bəzi müalicə üsullarına qarşı davamlılıq göstərə bilməsi xəstəliyin yenidən yaranması baxımından mühüm elmi araşdırma mövzusudur.
Xərçəng müalicəsində hər xəstəyə fərdi yanaşmaq vacibdir. Şişin bioloji və genetik xüsusiyyətləri, xəstənin ümumi sağlamlıq vəziyyəti və əvvəlki müalicələrə reaksiyası nəzərə alınmalıdır. Məqsəd yalnız şişi hədəf almaq deyil, xəstəliyin inkişafında iştirak edən mexanizmləri də daha dərindən anlamaqdır”.
Dr. Yadigar Gənc əlavə edib ki, onkologiyada gələcək müalicə strategiyalarının əsas istiqamətlərindən biri xərçəng hüceyrələrinin davamlılıq mexanizmlərinin öyrənilməsi və daha dəqiq hədəflənmiş müalicə üsullarının hazırlanmasıdır:
“Müasir tibbdə innovativ yanaşmaların inkişafı böyük əhəmiyyət daşıyır. Lakin hər bir müalicə metodu elmi sübutlara, klinik nəticələrə və xəstənin fərdi vəziyyətinə əsaslanmalıdır. Xərçənglə mübarizədə elmi tədqiqatların əsas məqsədi müalicənin effektivliyini artırmaq, xəstələrin həyat keyfiyyətini qorumaq və xəstəliyin təkrarlanma riskini azaltmaqdır”.
Xəyal Abdullayev
Gundelik.az