Parazitlər siçanları qansoran həşəratlar üçün daha cəlbedici edir – Alimlər səbəbini araşdırdı

Parazitlər siçanları qansoran həşəratlar üçün daha cəlbedici edir – Alimlər səbəbini araşdırdı

Parazitlər siçanları qansoran həşəratlar üçün daha cəlbedici edir

Parazitlərin siçanları qansoran həşəratlar üçün daha cəlbedici edə bildiyi məlum olub.

Gündəlik.az xəbər verir ki, bu barədə Phys.org nəşri məlumat yayıb.

Braziliyanın Fiocruz Fondu və Argentinanın INBIOTEC-CONICET elmi-tədqiqat mərkəzinin alimləri apardıqları təcrübə zamanı müəyyən ediblər ki, Trypanosoma rangeli növünə aid parazitlər siçanların orqanizminə daxil olduqda onları Rhodnius prolixus növündən olan yataq taxtabitiləri üçün daha cəlbedici edir. Bu mexanizm infeksiyanın yayılmasına kömək edir.

Təcrübə zamanı həşəratların daha çox yoluxmuş gəmiriciləri seçdiyi, eyni zamanda onların ovuna daha az çevrildiyi müşahidə olunub. Bunun səbəbi yoluxmuş siçanlarda müdafiə reaksiyasının zəifləməsidir.

Bununla belə, alimlər Trypanosoma cruzi növünə aid parazitlərdə oxşar təsir aşkar etməyiblər. Əksinə, həmin parazitlərlə yoluxmuş siçanlar taxtabitilər üçün daha az cəlbedici olub.

Araşdırmaya görə, bu mexanizm infeksiyaya yoluxan həşəratların sayını da birbaşa artıra bilər. Belə ki, yoluxmuş gəmiriciləri dişləyən taxtabitilərin 46,5 faizi paraziti əldə edib.

Tədqiqatın baş müəllifi Alessandra Guarneri bildirib ki, alimlər yoluxmuş siçanların həşəratların nimfalarını ovlamaq qabiliyyətini də ölçüblər.

“Biz bu siçanların nimfaları ovlamaq qabiliyyətini ölçdük. Çünki həşəratlar üçün cəlbediciliyin artması ilə yanaşı, onların ovlanma ehtimalı da artsaydı, parazit bundan heç bir fayda əldə etməzdi”, – deyə o bildirib.

Alimlər vurğulayırlar ki, yoluxma mexanizmi hələ tam aydınlaşdırılmayıb. Bununla belə, artıq məlumdur ki, parazitin sahib orqanizmin davranışına bu cür təsir göstərməsi ona təkamül baxımından üstünlük qazandırır.

Gələcək araşdırmalar zamanı yoluxmuş gəmiricilərdə hansı kimyəvi və ya davranış siqnallarının dəyişdiyi, eləcə də bu təsirin təbiətdə nə dərəcədə geniş yayıldığı müəyyənləşdiriləcək.

Qeyd edək ki, bundan əvvəl amerikalı entomoloqlar (həşəratları öyrənən alimlər) şahin güvələrinin gecə kəpənəkləri fəsiləsinə aid bəzi növlərinin yarasaları ultrasəs siqnalları ilə qorxutmaq qabiliyyətini müstəqil şəkildə inkişaf etdirdiyini müəyyən ediblər.

Araşdırma nəticəsində məlum olub ki, erkək şahin güvələrinin valva adlanan cüt cinsiyyət strukturlarında xüsusi pulcuqlar yerləşir. Həmin strukturlar vasitəsilə həşəratlar ultrasəs dalğaları yayaraq yarasaları uzaqlaşdırırlar.

Nuri
Gundelik.az

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.