Şahzadə Uilyamın malikanəsinə iki nəfər qanunsuz daxil oldu - Polis əməliyyat keçirdi
Şahzadə Uilyamın malikanəsinə iki nəfər qanunsuz daxil oldu
Böyük Britaniyada şahzadə Uilyamın malikanəsinin ərazisinə qanunsuz daxil olan iki nəfər saxlanılıb.
Gündəlik.az xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb.
Hadisə noyabrın 23-ü, bazar ertəsi axşam saatlarında baş verib. Norfolk qraflığının polisi şahzadə Uilyam və Keyt Middltonun Sandrinqem kral mülkünün ərazisində yerləşən Anmer-Holl bağ evinin yaxınlığında şübhəli şəxslərin olması barədə məlumat alıb.
Bundan sonra hadisə yerinə polis əməkdaşları cəlb olunub. Geniş ərazinin yoxlanılması üçün xidməti itlər, pilotsuz uçuş aparatları və polis helikopterindən istifadə edilib.
Təxminən üç saat davam edən axtarışlardan sonra şahzadə Uilyamın iqamətgahının ərazisində gizlənən iki kişi aşkarlanıb.
Onlar şəxsi mülkiyyətə qanunsuz daxil olmaqda şübhəli bilinərək saxlanılıblar. Hələlik həmin şəxslərin Anmer-Hollun binasına daxil olub-olmadıqları, oradan hər hansı əşya oğurlayıb-oğurlamadıqları və ya əmlaka zərər vurub-vurmadıqları məlum deyil.
Hadisə zamanı Uels şahzadəsi və şahzadəsi malikanədə olmayıblar.
Qeyd edək ki, Anmer-Holl malikanəsi kraliça II Elizabet tərəfindən şahzadə Uilyam və Keyt Middltona toy hədiyyəsi olaraq verilib.
Xatırladaq ki, 2025-ci ilin sentyabrında da Böyük Britaniyada oxşar hadisə baş vermişdi. Belə ki, Somerset qraflığında yerləşən XIV əsrə aid məşhur Maunsel malikanəsinə bir qrup naməlum şəxs icazəsiz daxil olmuşdu.
Dörd kişi və bir qadından ibarət qrup satışa çıxarılan evə daxil olaraq otaqları gəzmiş, ev sahiblərinin şəxsi əşyalarına toxunmuş və fotoşəkillər çəkdirmişdi.
Nuri
Gundelik.az