“Əlçatan Dadlar” kitabının təqdimatı keçirilib - FOTO

“Əlçatan Dadlar” kitabının təqdimatı keçirilib - FOTO

“Əlçatan Dadlar” bir daha göstərir ki, inklüzivlik hər kəsə öz bacarıqları ilə iştirak etmək, yaratmaq və cəmiyyətə töhfə vermək imkanı yaratmaqdır

29 oktyabr tarixində Azərbaycan Milli QHT Forumunun konfrans zalında Humayun Sosial Problemlərin Həllinə Kömək İctimai Birliyinin “Əlçatan Dadlar: xüsusi qayğıya ehtiyacı olan gənclərlə hazırlanan reseptlər toplusu və video təlimatlar” adlı kitabının təqdimat mərasimi keçirilib.

Gundelik.az xəbər verir ki, QHT-lərə Dəstək Agentliyinin kiçik qrant müsabiqəsi çərçivəsində dəstəklənən layihə nəticəsində ərsəyə gələn kitabda 10 sadə resept yer alıb. Hər bir resept həm vizual, həm də QR kodlar vasitəsilə izlənilə bilən video təlimatlarla təqdim olunub.

Kitabın əsas məqsədi inklüzivliyin həyatın hər sahəsində mümkün olduğunu göstərmək, xüsusi qayğıya ehtiyacı olan gənclərin gündəlik bacarıqlarını inkişaf etdirməsinə, sadə yeməkləri müstəqil hazırlamasına və cəmiyyət həyatında fəal iştirakına dəstək olmaqdır.

Tədbiri açan Humayun İctimai Birliyinin sədri Firəngiz Hüseynova layihənin həyata keçirilmə mərhələləri və kitabın ərsəyə gəlməsi istiqamətində görülən işlər barədə danışıb. Azərbaycan Dövlət Pedaqoji Kollecinin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə direktor müavini Sevda Axundova isə kollecin tələbələrinin könüllü fəaliyyətindən və Humayun İctimai Birliyi ilə əməkdaşlığın əhəmiyyətindən bəhs edib.

Tədbirdə Sosial Xidmətlər Agentliyi İdarə Heyəti sədrinin müşaviri Vüqar Salmanov layihənin inklüziv cəmiyyətin formalaşmasına, gənclərin potensiallarını kəşf etməsinə və müstəqil həyat bacarıqlarının inkişafına verdiyi töhfəni vurğulayıb.

Həmçinin İsveçrənin Goetheanum təşkilatının rəhbər heyətinin üzvü, sosial və müalicəvi pedaqogika üzrə mütəxəssis Sonja Zausch belə təşəbbüslərin, xüsusilə əqli inkişaf məhdudiyyətləri olan şəxslərin bacarıqlarını inkişaf etdirməsi, özlərini cəmiyyətin dəyərli üzvü kimi hiss etməsi baxımından əhəmiyyətini qeyd edib.

Tədbir çərçivəsində valideynlər və layihə iştirakçıları da öz ürək sözlərini bölüşüblər. Valideynlər övladlarının belə layihələrdə iştirak etməsinin onların özünəinamına, müstəqilliyinə və gündəlik həyatda daha fəal olmasına müsbət təsir göstərdiyini bildiriblər. İştirakçılar isə reseptləri öyrənmək, yeməkləri özləri hazırlamaq və əldə etdikləri bacarıqları nümayiş etdirməkdən məmnunluqlarını ifadə ediblər.

Layihənin həyata keçirilməsində iştirak edən könüllülər də öz təəssüratlarını bölüşərək gənclərlə birgə işləməyin onlar üçün dəyərli təcrübə olduğunu qeyd ediblər. Onlar bu prosesdə hər bir iştirakçının fərqli bacarıq və potensiala malik olduğunu, düzgün yanaşma, səbir və dəstək sayəsində gənclərin bir çox işi müstəqil şəkildə bacara bildiklərini gördüklərini vurğulayıblar. Könüllülər belə təşəbbüslərin həm qarşılıqlı öyrənmə, həm də cəmiyyətdə inklüzivlik anlayışının güclənməsi baxımından əhəmiyyətli olduğunu bildiriblər.

Humayun İctimai Birliyinin yaratdığı “Yurdum” inklüziv icmasının gündəlik həyatında birgə hazırlanan reseptləri bir araya gətirən bu kitab birlik, əməkdaşlıq və ortaq bacarıqların ifadəsidir.

“Əlçatan Dadlar” bir daha göstərir ki, inklüzivlik hər kəsə öz bacarıqları ilə iştirak etmək, yaratmaq və cəmiyyətə töhfə vermək imkanı yaratmaqdır.

Gundelik.az

Foto qalereya

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.