ABŞ səmasında sirli “həb formalı” UNO: Pilotlar 12 min metr yüksəklikdə naməlum obyekt görüblər
Pilotlardan biri naməlum obyektin təyyarənin keçməyə çalışdığı tufan buludlarının arasından çıxdığını ehtimal edib
ABŞ-nin Ohayo ştatı üzərində uçuş həyata keçirən mülki təyyarənin pilotları sirli uçan naməlum obyektlə (UNO) qarşılaşıblar. Hadisə ilə bağlı hesabatı ABŞ-nin Milli UNO Araşdırmaları Mərkəzi (NUFORC) yayımlayıb.
Gundelik.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.
Məlumata görə, hadisə avqustun 16-da baş verib. Təyyarənin pilotları yaxınlıqda naməlum obyekt gördükdən sonra ən yaxın hava limanının dispetçeri ilə əlaqə saxlayıblar.
Həmin vaxt təyyarə təxminən 12 min metr yüksəklikdə olub. Pilotların sözlərinə görə, təyyarədən təxminən bir kilometr yuxarıda, uzunluğu 10 metrə yaxın olan hamar, gümüşü rəngli obyekt hərəkət edib.
UNO uzunsov həb formasında olub. Onun səthində hər hansı əyrilik və ya çıxıntı müşahidə edilməyib. Maraqlıdır ki, təyyarənin toqquşma xəbərdarlığı sistemi də obyektə reaksiya verməyib. Əlaqə saxlanılan dispetçer isə radar vasitəsilə həmin obyekti aşkar edə bilməyib.
Pilotlardan biri naməlum obyektin təyyarənin keçməyə çalışdığı tufan buludlarının arasından çıxdığını ehtimal edib. Onun fikrincə, güclü turbulentlik və mühərriklərdə buzlanmanın müşahidə edildiyi belə hava şəraitində bu obyektin hava şarı olması inandırıcı deyil.
NUFORC ABŞ Federal Aviasiya Administrasiyasını (FAA) hadisəyə lazımi diqqət yetirmədiyinə görə tənqid edib. Mərkəzin nümayəndələri bildiriblər ki, insident barədə məlumatın digər aidiyyəti qurumlara ötürüldüyünü göstərən heç bir əlamət yoxdur.
NUFORC mütəxəssislərinin fikrincə, bu cür hadisələrin araşdırılmaması və lazımi tədbirlərin görülməməsi uçuş təhlükəsizliyi üçün ciddi risk yaradır.
Qeyd edək ki, 1972-ci ildə Aya səfər etmiş amerikalı astronavt Çarlz Dyuk da daha əvvəl UNO-ların təbiəti ilə bağlı fikirlərini bölüşüb. O, naməlum uçan obyektlərin demonlar olduğunu iddia edib.
Nuri
Gundelik.az