ABŞ-də kişi nəhəng balıq tutaraq 35 illik rekordu qırdı
“Bu, adi bir balıq da ola bilər, inanılmaz bir şey də”
ABŞ-nin Pensilvaniya ştatında yaşayan kişi 16,4 kiloqram ağırlığında nəhəng kanal yayın balığı tutaraq ştatın 35 illik rekordunu yeniləyib.
Gundelik.az xəbər verir ki, bu barədə “TribLIVE” nəşri məlumat yayıb.
Rekord balıq oktyabrın 3-də Manhol şəhərciyindən olan Devid Teylora qismət olub. O, Allegheny çayında keçirilən “Tri-State Hawg Hunters” balıqçılıq turnirində iştirak edərkən tilovuna iri balıq düşüb.
Teylor əvvəlcə mavi yayın balığı tutduğunu düşünüb. O, bu balıq növünün XX əsrin əvvəllərində Pensilvaniyada demək olar ki, tamamilə yoxa çıxdığını bildiyi üçün nəticəyə təəccüblənib. Yalnız ertəsi gün balığı yenidən diqqətlə araşdırdıqdan sonra onun kanal yayın balığı olduğunu və rekord müəyyənləşdirə biləcəyini anlayıb.
Ölçmələrdən sonra məlum olub ki, Teylor 1991-ci ildə qeydə alınmış ştat rekordunu geridə qoyub. Əvvəlki rekord balığın çəkisi 15,9 kiloqram olub.
“Bu, tilovunun ucunda nə olduğunu son ana qədər heç vaxt dəqiq bilmədiyinin növbəti sübutudur. Bu, adi bir balıq da ola bilər, inanılmaz bir şey də”, – deyə balıqçı uğurunu şərh edib.
Xatırladaq ki, daha əvvəl ABŞ-də balıqçıların 506 kiloqram ağırlığında tuna balığı tutaraq Nyu-Hempşir ştatında yeni rekorda imza atdıqları barədə məlumat yayılmışdı. Onlar əvvəlki rekordu 70 kiloqram üstələmişdilər.
Nuri
Gundelik.az