Hər il milyonlarla insanın həyatına təsir edən xərçəng, ürək-damar xəstəliklərindən sonra dünyada ən çox ölümə səbəb olan ikinci xəstəlikdir. Sağlam həyat tərzi vərdişləri və müntəzəm müayinələr bu vəziyyəti dəyişdirməkdə mühüm rol oynayır.
Dünyada ölüm səbəblərinə baxdıqda, ürək və damar xəstəliklərindən sonra ikinci yerdə xərçəng gəlir. Hər il minlərlə insan bu xəstəlik səbəbilə həyatını itirir. Üstəlik, vəziyyət getdikcə daha da ağırlaşır. Xərçəngə tutulan insanların sayı hər il artır. Beynəlxalq araşdırmalar bu artımın davam edəcəyini göstərir. Mövcud məlumatlara görə, 2050-ci ilə qədər dünyada 30 milyondan çox yeni xərçəng hadisəsi qeydə alınması, xərçəngdən ölənlərin sayının isə 18 milyonu keçməsi gözlənilir.
Türkiyədə də vəziyyət fərqli deyil. Ölkədə hər beş ölümdən birinin səbəbi xərçəngdir. Tibbdəki inkişaflara baxmayaraq, mütəxəssislərə görə əsas məsələ xəstəliyə ümumiyyətlə tutulmamaqdır. Yəni xəstəliyə səbəb ola biləcək risklərdən uzaq durmaqdır. Bəs xərçəngdən qorunmaq üçün nələrə diqqət etmək lazımdır?
Cerrahpaşa Tibb Fakültəsinin Daxili Xəstəliklər, Tibbi Onkologiya və Şiş İmmunologiyası üzrə mütəxəssisi Prof. Dr. Nebi Serkan Demirci suallara cavab verib.
Siqaret və alkoqoldan uzaq durulmalıdır
Xərçənglərin təxminən üçdə biri qarşısı alına bilən səbəblərdən yaranır.
Mütəxəssis bildirir ki, tütün məhsullarından uzaq durmaq bir çox xərçəng növündən qorunmaq deməkdir. Siqaret təkcə ağciyər xərçənginə səbəb olmur, bir çox digər xərçəng növünün də əsas səbəblərindən biridir.
Obezite və hərəkətsizlik riski artırır
Sağlam qidalanmaq və fiziki aktiv olmaq vacibdir. Fiziki aktivlik dedikdə sadəcə evdə gəzmək yox, həftədə ən az 3 gün, 20–40 dəqiqə tempolu hərəkət nəzərdə tutulur.
Alkoqol da xərçəng riskini artırır. Həddindən artıq alkoqol istifadəsi xüsusilə döş, qaraciyər və həzm sistemi xərçənglərinə səbəb ola bilər.
İşlənmiş qidalara diqqət
Sosis, kolbasa, salam kimi işlənmiş ət məhsulları Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən kanserogen kimi qiymətləndirilir. Bu qidalar xüsusilə həzm sistemi xərçənglərinin riskini artırır.
Günəş şüalarına diqqət
Xüsusilə yay aylarında günəş şüaları dəri xərçəngi riskini artırır. Günəşin ən dik gəldiyi saatlarda uzun müddət günəş altında qalmaqdan qaçınmaq lazımdır.
Erkən diaqnoz həyat xilas edir
Mütəmadi müayinələr çox vacibdir. Xərçəng Erkən Diaqnoz, Skrininq və Təhsil Mərkəzlərinə (KETEM) müraciət etməklə xəstəlik erkən mərhələdə aşkar edilə bilər.
Erkən diaqnoz sağ qalma şansını artırır.
Müntəzəm yoxlamalar
40 yaşdan yuxarı qadınlarda 1–2 ildən bir mamoqrafiya
Uşaqlıq boynu xərçəngi üçün ginekoloji müayinələr
50 yaşdan sonra bağırsaq xərçəngi üçün kolonoskopiya (10 ildən bir)
Xərçəng müalicəsində inkişaf
Son illərdə müalicədə ciddi irəliləyişlər olub. İmmunoterapiya sayəsində bəzi xəstələrdə 5 illik sağ qalma nisbəti 4%-dən 30–35%-ə yüksəlib.
Bitki mənşəli məhsullara diqqət
Bitki tərkibli məhsulların xərçəngi müalicə etdiyini göstərən güclü elmi sübut yoxdur. Bəzi məhsullar hətta müalicəyə mane ola bilər və istifadə olunmazdan əvvəl mütləq həkimlə məsləhətləşilməlidir.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
