Yeni bir araşdırmaya görə, kişilərdə ürək-damar xəstəlikləri riski qadınlarla müqayisədə daha erkən – təxminən 35 yaşdan başlayaraq artır. Journal of the American Heart Association jurnalında dərc olunan genişmiqyaslı tədqiqat göstərir ki, kişilər ürək sağlamlığı baxımından kritik risk səviyyəsinə qadınlardan təxminən 7 il əvvəl çatırlar.
Mütəxəssislər vurğulayırlar ki, ürək xəstəlikləri bir gecədə yaranmır, adətən 30-40 yaşlardan başlayaraq uzun illər ərzində inkişaf edir. Sadiya Khan bildirib ki, həmin yaşlarda hələ xəstəlik diaqnozu qoyulmasa belə, risk formalaşmağa başlayır.
Risk fərqi 35 yaşdan etibarən artır
Tədqiqatçılar 5 mindən çox yetkin şəxsi 34 il ərzində izləyərək aşağıdakı nəticələrə gəliblər:
Kişilərin 5 faizi təxminən 50 yaşında ürək-damar xəstəliyinə tutulduğu halda, qadınlarda bu göstərici 57 yaşdır.
Daha ağır ürək-damar xəstəlikləri baxımından kişilər risk həddinə 48 yaşında, qadınlar isə 58 yaşında çatırlar.
50 yaşına çatdıqda, növbəti 10 il ərzində ürək xəstəliyinə tutulma ehtimalı kişilərdə 6 faiz, qadınlarda isə 3 faiz təşkil edir.
Araşdırma göstərir ki, bu fərqi yalnız yüksək təzyiq, xolesterin və ya siqaret kimi ənənəvi risk faktorları ilə izah etmək mümkün deyil.
Alimlər hesab edirlər ki, bioloji xüsusiyyətlərlə yanaşı, sosial amillər – iş şəraiti, stress səviyyəsi və həyat tərzi də bu fərqin yaranmasında rol oynayır.
Qadınlarda menopauzadan sonra risk artır
Araşdırma əsasən kişilərdə erkən riskə diqqət çəksə də, mütəxəssislər qadınların da ehtiyatlı olmasının vacibliyini qeyd edirlər. Estrogen hormonunun qoruyucu təsiri menopauzadan sonra azalır və bu dövrdə qadınlarda ürək-damar xəstəlikləri riski sürətlə yüksələ bilir.
ABŞ-də menopauzanın orta yaş həddinin 52 olduğu nəzərə alınarsa, bu dövrdən sonra qadınların risk göstəriciləri kişilərə yaxınlaşmağa başlayır.
Profilaktik tədbirlər həyat xilas edir
Müasir tibbi tövsiyələrə əsasən, ürək-damar xəstəlikləri ilə bağlı risk qiymətləndirilməsinə artıq 40 deyil, 30 yaşdan başlamaq məsləhət görülür.
Xüsusilə 30-40 yaşlı kişilərin müntəzəm tibbi müayinələrə qadınlarla müqayisədə daha az getməsi riskin vaxtında aşkarlanmasını çətinləşdirir.
Ürək sağlamlığını qorumaq üçün mütəxəssislər bunları tövsiyə edirlər:
İldə ən azı bir dəfə qan təzyiqi, xolesterin və qanda şəkər səviyyəsini yoxlatdırmaq;
Sağlam və balanslı qidalanmaq;
Mütəmadi fiziki aktivliklə məşğul olmaq;
Siqaret və digər zərərli vərdişlərdən uzaq durmaq;
Bədən çəkisini nəzarətdə saxlamaq və stressi azaltmağa çalışmaq.
Erkən profilaktika və müntəzəm tibbi müayinələr ürək-damar xəstəliklərinin qarşısının alınmasında ən təsirli vasitələrdən hesab olunur.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
