İyul 8, 2026
Baku
Mədəniyyət və cəmiyyət Xəbərlər

Alqoritmlərin görünməz əli: Sosial media bizi necə qütbləşdirir?

Sosial mediada əksər hallarda bəyəndiyimiz paylaşımlara, maraq dairəmizə və qarşılıqlı əlaqədə olduğumuz məzmunlara uyğun tövsiyələrlə qarşılaşırıq. Bunun səbəbi alqoritmlərdir. Lakin yalnız xoşumuza gələn məzmunlarla əhatə olunmağımız rəqəmsal dünyanın bizi necə istiqamətləndirdiyini görməyimizə mane olur.

Sosial media platformaları artıq həyatımızın ayrılmaz hissəsinə çevrilib. Hər gün bu platformalarda vaxt keçirir, məlumat mübadiləsi aparır və müxtəlif məzmunlarla tanış oluruq. Ancaq rəqəmsal mühitdə bizi nəyin yönləndirdiyini, hansı fikirlər ətrafında birləşdiyimizi və niyə getdikcə daha çox qütbləşdiyimizi çox vaxt hiss etmirik. Bu prosesin arxasında isə görünməz bir qüvvə – alqoritmlər dayanır.

Platformalar istifadəçi təcrübəsini yaxşılaşdırmaq və hər kəsə fərdi maraqlarına uyğun məzmun təqdim etmək üçün mürəkkəb alqoritmlərdən istifadə edir. İlk baxışdan faydalı görünən bu fərdiləşdirmə zaman keçdikcə yalnız eyni tip məlumatların dövr etdiyi “əks-səda otaqları” yaradır. Çünki alqoritmlər əvvəlki bəyənmələrimizə, izlədiyimiz səhifələrə və maraq dairəmizə əsaslanaraq bizə oxşar paylaşımlar göstərir. Nəticədə fərqli baxış bucaqları ilə qarşılaşmaq imkanımız getdikcə azalır.

Qlobal araşdırmalar da bunu təsdiqləyir. DataReportal-ın 2023-cü il məlumatlarına görə, dünyada 4,76 milyard sosial media istifadəçisi var və onların böyük hissəsi yalnız maraq dairəsinə uyğun məzmunların təqdim olunduğu rəqəmsal mühitdə qalmaq riski ilə üz-üzədir. Xüsusilə xəbər lentlərinin alqoritmlər tərəfindən formalaşdırılması fərqli fikirlərlə qarşılaşmaq ehtimalını xeyli azaldır.

Gəlin, sosial mediada bizi bu “əks-səda otaqlarına” salan və fərqli fikirlərə qarşı dözümsüz edən rəqəmsal mexanizmlərə, eləcə də onların psixoloji təsirlərinə klinik psixoloq Məryəm Qəhrəmanların şərhləri əsasında nəzər salaq.

Rəqəmsal reallığın görünməyən tərəfi: Alqoritmlər düşüncələrimizi istiqamətləndirirmi?

Klinik psixoloq Məryəm Qəhrəmanların sözlərinə görə, alqoritmlər birbaşa bizim yerimizə düşünmür, lakin qərarlarımıza təsir göstərə, seçim imkanlarımızı məhdudlaşdıra və mövcud düşüncə meyllərimizi gücləndirir.

Onun fikrincə, platformaların “Bunlar sənin xoşuna gələr” prinsipi ilə təqdim etdiyi məzmun uzunmüddətli perspektivdə dünyagörüşümüzü məhdudlaşdırır.

Psixoloq bildirir ki, sosial mühitlər getdikcə “qorunan baloncuklara” çevrilir. İnsanlar müxtəlif hesabları izlədiklərini düşünsələr də, əslində daha çox öz fikirlərini təsdiqləyən paylaşımlara üstünlük verirlər. Beləliklə, fərqinə varmadan zehni təcrid yaranır və yeni fikirlərə açıq olmaq bacarığı zəifləyir.

Məryəm Qəhrəmanlar əlavə edir ki, davamlı şəkildə mənfi məzmunlara məruz qalmaq psixoloji vəziyyətə də ciddi təsir göstərir. Daim oxşar və neqativ xəbərləri görmək insanda “həyatda yalnız pis hadisələr baş verir” düşüncəsini gücləndirir. Bu isə ümidsizlik, bədbinlik, cəmiyyətə etimadın azalması və insanın öz fikrini ifadə etmək istəyinin zəifləməsi ilə nəticələnir.

Virtual güzgü: Niyə getdikcə daha dözümsüz oluruq?

Sosial mediada paylaşılmış “ideal həyat” görüntüləri insanları daim özlərini başqaları ilə müqayisə etməyə sövq edir. Bu isə zamanla özünü yetərsiz hiss etməyə və özünəinamın azalmasına səbəb olur.

Məryəm Qəhrəmanlar bildirir ki, insanlar sosial mediada nümayiş etdirilən həyatları öz reallıqları ilə müqayisə etdikdə qəzəb, məyusluq və narazılıq hissləri arta bilər. Bu emosiyalar isə həm insanın özünə, həm də ətrafdakılara qarşı daha sərt və dözümsüz münasibət formalaşdırır.

Aqressivlikdən özünü yetərsiz hiss etməyə qədər: Sosial medianın gizli tələləri

Psixoloqun sözlərinə görə, sosial mediada tez-tez rast gəlinən aqressiv və qütbləşdirici paylaşımlar istifadəçilərin də oxşar reaksiyalar verməsinə səbəb olur. İnsanlar fərqinə varmadan başqalarının emosiyalarını mənimsəyərək eyni davranışları nümayiş etdirə bilirlər.

Bundan başqa, rəqəmsal platformalar bəyənmə, şərh və digər qarşılıqlı əlaqələr vasitəsilə istifadəçiləri mükafat hissinə alışdırır. Bu isə real həyatda ünsiyyətin əvvəlki qədər maraqlı görünməməsinə, insanların daha səbirsiz və dözümsüz olmasına gətirib çıxarır.

Bir çox elmi araşdırmalarda sosial mediadan intensiv istifadənin stress və narahatlıq səviyyəsini artırdığı göstərilir. Amerika Psixoloji Assosiasiyası (APA) da xüsusilə gənclər arasında sosial mediadan həddindən artıq istifadənin təşviş və depressiya əlamətlərini artırdığını bildirir.

“Əks-səda otaqları”ndan çıxmaq mümkündürmü?

Məryəm Qəhrəmanların sözlərinə görə, media savadlılığı yüksək olan insanlar yanlış məlumatlara daha az inanır və informasiya mənbələrini daha tənqidi şəkildə qiymətləndirirlər. Buna görə də sosial mediadan tamamilə uzaqlaşmaq əvəzinə, ondan daha şüurlu istifadə etməyi öyrənmək vacibdir.

Bunun üçün aşağıdakı addımlar faydalıdır:

Müxtəlif mənbələrdən məlumat almaq. Tək bir xəbər mənbəyini deyil, fərqli mövqeləri əks etdirən səhifələri də izləmək dünyagörüşünü genişləndirir.

Fərdiləşdirmə ayarlarını nəzərdən keçirmək. Platformaların təklif etdiyi fərdiləşdirmə seçimlərini dəyişməklə alqoritmlərin təsirini müəyyən qədər azaltmaq mümkündür.

Emosional reaksiyaları idarə etmək. Hər paylaşımı dərhal qəzəblə qarşılamadan əvvəl mənbəni və məlumatın doğruluğunu yoxlamaq vacibdir.

Alqoritmlərin təsirinin fərqində olmaq. Onların onlayn davranışlarımızı izləyərək seçimlərimizə təsir göstərə bildiyini bilmək daha şüurlu qərarlar verməyə kömək edir.

Dünyada milyardlarla insanın hər gün istifadə etdiyi sosial media platformaları həyatımızı asanlaşdırmaqla yanaşı, bizi fərqli fikirlərdən uzaqlaşdıran rəqəmsal “fanuslar” da yaradır. Alqoritmlərin görünməz təsirini dərk etmək, müxtəlif baxışlara açıq olmaq və tənqidi düşüncəni qorumaq bu təsiri minimuma endirməyin ən təsirli yollarından biridir.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az