Avqust 25, 2026
Baku
Mədəniyyət və cəmiyyət Xəbərlər

Xərçəng müalicəsində tarixi addım: COVID-19-la tanıdığımız mRNT texnologiyası indi xərçəngə qarşı istifadə olunur

COVID-19 pandemiyası zamanı bütün dünyanın tanıdığı mRNT texnologiyası indi xərçəng müalicəsində yeni mərhələnin qapısını açır. Moderna və Merck şirkətlərinin melanoma xəstələri üzərində apardığı III faza klinik sınağında fərdi şəkildə hazırlanmış mRNT əsaslı müalicənin immun sistemini xərçəng hüceyrələrini tanıyaraq hədəfə almağa öyrətdiyi göstərilib.

1 137 xəstənin iştirak etdiyi araşdırma xərçəng müalicəsinin gələcəyinin standart dərmanlardan fərdi, xəstəyə uyğunlaşdırılmış müalicələrə doğru dəyişdiyini göstərir.

Bir vaxtlar COVID-19 peyvəndləri ilə həyatımıza daxil olan mRNT texnologiyası indi bəşəriyyətin ən böyük sağlamlıq problemlərindən biri olan xərçəngə qarşı istifadə edilir.

Moderna və Merck yüksək riskli melanoma xəstələrində fərdi hazırlanmış mRNT əsaslı müalicəni immunoterapiya ilə birlikdə sınaqdan keçirərək mühüm mərhələyə çatıb.

Yeni yanaşmanın ən diqqətçəkən xüsusiyyəti isə hər xəstə üçün onun öz şişinin genetik xüsusiyyətlərinə uyğun ayrıca müalicə hazırlanmasıdır.

Müalicə necə işləyir?

III faza sınağına əməliyyatla şişi çıxarılmış, lakin xərçəngin yenidən yaranma riski yüksək olan 1 137 xəstə daxil edilib. Müalicə xərçəng immunoterapiyasında istifadə olunan pembrolizumab preparatı ilə birlikdə tətbiq olunub.

Burada “peyvənd” sözünün bizi yanıltmaması vacibdir. Söhbət sağlam insanlara xəstəlikdən qorunmaq məqsədilə vurulan klassik peyvənddən getmir.

Bu, daha çox xərçəng xəstəsinin öz şişinə uyğun hazırlanmış və immun sisteminə xərçəng hüceyrələrini tanımağı öyrədən fərdiləşdirilmiş müalicədir.

Çünki xərçəng vahid bir xəstəlik deyil. Hətta eyni orqanda yaranan iki şiş belə genetik baxımdan bir-birindən fərqlənə bilər.

Bu mərhələdə mRNT texnologiyası işə düşür. Əvvəlcə xəstənin şişi analiz edilir və xərçəng hüceyrələrini digər hüceyrələrdən fərqləndirən mutasiyalar müəyyənləşdirilir. Daha sonra həmin mutasiyalar haqqında məlumat daşıyan xəstəyə özəl mRNT müalicəsi hazırlanır.

Məqsəd immun sistemini sanki “axtarış elanına” sahib etməkdir:

“Bu hüceyrələri tanı. Bunlar xərçəng hüceyrələridir. Onları tap və məhv et.”

Bu yanaşma xərçəng müalicəsində düşüncə tərzinin dəyişdiyini göstərir. Ənənəvi müalicədə bütün xəstələr üçün təxminən eyni dərman hazırlanır və tətbiq olunur. Burada isə müalicə xəstənin xərçənginin molekulyar xüsusiyyətlərinə əsasən fərdiləşdirilir.

COVID-19 ilə əlaqəsi nədir?

Bu hekayənin COVID-19 pandemiyası ilə də güclü əlaqəsi var. Moderna-nın COVID-19 peyvəndi mRNT texnologiyasının yalnız pandemiya zamanı sürətli peyvənd hazırlamaq üçün istifadə olunan vasitə olmadığını göstərdi.

mRNT əslində hüceyrələrə müəyyən bioloji təlimatları çatdırmağa imkan verən texnologiya platformasıdır. COVID-19 pandemiyası isə bu texnologiyanın real həyatda və geniş miqyasda tətbiqini bütün dünyaya göstərdi.

Hazırda oxşar yanaşma digər xərçəng növlərində də araşdırılır. Moderna və Merck-in proqramında ağciyər və böyrək xərçəngi kimi müxtəlif şiş növləri üzrə də tədqiqatlar aparılır.

Xərçənglə mübarizədə hələ qələbə elan etmək üçün tezdir. Lakin mübarizə üsulları dəyişir və inkişaf edir. Gələcəyin xərçəng müalicəsində xəstənin öz şişinin xüsusiyyətlərinə uyğun fərdiləşdirilmiş müalicələrin daha böyük rol oynayacağı gözlənilir.

 

Mənbə:CNN Türk

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az