Gecə yuxudan ürəkdöyünməsi ilə oyanmaq hər zaman ürək xəstəliyindən xəbər vermir. Stress, yuxusuzluq, həddindən artıq kofein və alkoqol qəbulu ilə yanaşı, qanazlığı, qalxanabənzər vəzinin həddindən artıq işləməsi, yuxu apnesi və ürək ritm pozğunluqları da buna səbəb olur.
Axşam içilən qəhvə ürəkdöyünməsini artırır
Xüsusilə axşam saatlarında qəhvə, enerji içkiləri və digər kofeinli məhsullar bəzi insanlarda ürək döyüntüsünü sürətləndirir. Stress və yuxu çatışmazlığı da bu şikayəti gücləndirir. Buna görə gecə ürəkdöyünməsi yaşayanların axşam saatlarında kofein qəbulunu azaltması və yuxu rejiminə diqqət etməsi tövsiyə olunur.
Bu əlamətlər varsa, diqqətli olun
Ürəkdöyünməsi sinə ağrısı, nəfəs darlığı, güclü başgicəllənmə, bayılma və ya bayılacaqmış kimi olma ilə müşayiət olunursa, tibbi yardım almaq vacibdir. Şikayətin tez-tez təkrarlanması, uzun müddət davam etməsi və insanı yuxudan mütəmadi oyatması da həkim müayinəsini zəruri edir.
Ritm pozğunluqları da səbəb olur
Atrial fibrilasiya, supraventrikulyar taxikardiya və ürəyin vaxtından əvvəl vurması kimi bəzi ritm pozğunluqları gecə və istirahət zamanı daha çox hiss edilir. Səbəbin müəyyənləşdirilməsi üçün ürək ritminin məhz ürəkdöyünməsi baş verən zaman qeydə alınması əhəmiyyətlidir.
Yuxu apnesi və qalxanabənzər vəz də nəzərə alınmalıdır
Yuxu apnesi ürək-damar sisteminə yük yaradaraq bəzi ritm pozğunluqları ilə əlaqəli olur. Qalxanabənzər vəzinin həddindən artıq işləməsi kimi hormonal problemlər də ürək döyüntüsünü sürətləndirir.
Səbəb necə müəyyən edilir?
İlk müayinələrdən biri EKQ-dir. Lazım olduqda qan analizləri, exokardioqrafiya və Holter monitorinqindən istifadə edilir. Ürəkdöyünməsinin nə vaxt başladığını, nə qədər davam etdiyini və həmin vaxt hansı əlamətlərin olduğunu qeyd etmək də diaqnoza kömək edir.
Yuxu rejiminə riayət etmək, kifayət qədər maye qəbul etmək, stressi azaltmaq, müntəzəm fiziki aktiv olmaq və xüsusilə axşam saatlarında kofeinli içkilərdən uzaq durmaq ürəkdöyünmələrinin azalmasına kömək edir. Təkrarlanan və digər ciddi əlamətlərlə müşayiət olunan gecə ürəkdöyünmələri isə diqqətdən kənarda qalmamalıdır.
Mənbə:CNN Türk
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
